31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.
1989-cu ildə Azərbaycan Xalq Hərəkatının fəalları azərbaycanlıların yaşadığı tarixi ərazini ikiyə bölən keçmiş SSRİ və İran sərhəd xəttinin Naxçıvanın Ordubad və Şərur rayonları arasındakı hissəsini söküb. Beləliklə, son iki yüz ildə ilk dəfə olaraq indiki İran ərazisində və Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar Araz çayını keçərək görüşüb.
1992-ci ildə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti qərar qəbul edib.
Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir, Azərbaycan Respublikasında isə dövlət bayramıdır.
Hazırda dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Müxtəlif mənbələrin məlumatlarına görə, İranda 30-35 milyon azərbaycanlı var. O cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya və Baltikyanı ölkələrdə, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.
Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik imzalayıb.
Təbrikdə deyilir ki, Azərbaycan hökumətinin apardığı siyasət nəticəsində diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği, milli maraqların müdafiəsi və digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin dərinləşməsində töhfə verir.
“Hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycanda 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanıb, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilib. Ölkəmiz Avropa ilə Asiyanı, şimalla cənubu bir-birinə bağlayan nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır”.
Prezident hesab edir ki, Azərbaycanın suverenliyinin qorunmasına və ərazi bütövlüyünün təmin edilməsinə öz həmrəylik və birgə fəaliyyətilə sanballı töhfə vermək azərbaycanlıların başlıca amalı olmalıdır.