Accessibility links

Şuşa şəhərinin ermənilərin nəzarətinə keçməsindən 26 il ötür


“Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bəyanatında deyilir.

Hacıyev hesab edir ki, Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycana qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir.

“26 ildir işğal altında olan Şuşa şəhəri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub”, o qeyd edib.

Mətbuat katibi bildirib ki, işğal nəticəsində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib.

“Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Yuxarı və Aşağı Gövhərağa, Saatlı məscidləri, Vaqifin Mavzoleyi, Natavanın evi və sair digər abidələr vardır”.

Xarici İşlər Nazirliyi bildirir ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib.

“Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirib. Müvəqqəti işğal altında olan Dağlıq Qarabağ regionu həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaqdır”.

Hacıyev bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Şuşa şəhərinin azərbaycanlı sakinləri öz tarixi şəhərlərinə mütləq qayıdacaqlar və Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini təmin edəcəkdir.

XS
SM
MD
LG