“Müdafiə naziri Zakir Həsənov Gəncə şəhərində törədilən təxribat nəzərə alınmaqla hərbi hissələrdə mühafizənin gücləndirilməsinin, gündəlik xidməti fəaliyyətin yüksək səviyyədə təşkilinin, xüsusilə də ön xətt bölmələrində sayıqlığın daha da artırılmasının vacibliyini qeyd edib”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, iyulun 14-də müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirəyə müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirləri ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.
Müdafiə naziri cəbhədəki mövcud vəziyyəti təhlil edərək döyüş və mənəvi-psixoloji hazırlığın, nizam-intizamın daha da artırılması, hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, şəxsi heyətin qayğısına və sağlamlığına xüsusi diqqət yetirilməsi, eləcə də düşmən tərəfinin mümkün təxribatlarının qarşısının dərhal alınması məqsədilə müvafiq tədbirlərin görülməsi barədə cavabdeh şəxslərə konkret göstərişlər verib.