Accessibility links

Xarici İşlər Nazirliyi КTMT-nin baş katibinin açıqlamasına münasibət bildirib


Azərbaycan xarici işlər nazirliyi

“Кollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) baş katibinin vəzifə səlahiyyətindən sui-istifadə edərək Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlama ilə çıxış etməsi təşkilatın mandatından kənar xarakter daşıyır. Ermənistan vətəndaşlığını daşıyan baş katibin açıqlaması subyektiv və qərəzlidir və Ermənistan istisna olmaqla, üzv dövlətlərin münaqişə ilə bağlı mövqeyi ilə ziddiyyət təşkil edir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat Xidməti KTMT-nin baş katibinin açıqlamasını şərh edərkən bildirib.

KTMT-nin baş katibi Yuri Xaçaturov sentyabrın 21-də Azərbaycan-Ermənistan sərhədində baş verən insidenlə bağlı bildirib ki, KTMT son zamanlar Ermənistanın sərhəd zonasındakı yayaş məntəqələrinin insan ölümü ilə nəticələnən atəşə tutulmasına münasibət bildirməli və təşkilata üzv dövlət olan Ermənistanın sərhədlərində gərginliyin dayandırılması üçün çağırış etməlidir.

Onun fikrincə hərbi ritorika yeni gərginliklər yarada bilər.

Azərbaycan Xarici İşlər Nazirliyi hesab edir ki, təşkilatın baş katibi Ermənistan silahlı qüvvələri tərəfindən iki ölkənin sərhədi boyunca Azərbaycan ərazilərinin, o cümlədən mülki insanlar və obyektlərin müxtəlif silahlardan davamlı olaraq atəşə tutulması faktının üzərindən sükutla keçir.

“Hərbi ritorikadan danışan baş katibə Ermənistan baş nazirinin vəziyyətin gərginləşməsinə və danışıqlar prosesinin pozulmasına xidmət edən cəfəng və ziddiyyətli açıqlamaları ilə tanış olmağı tövsiyə edirik”.

Xarici İşlər Nazirliyi hesab edir ki, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca gərginliyin yaranmasının səbəbi Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və Ermənistan qoşunlarının ölkənin işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur.

“Baş katibə xatırlatmaq istərdik ki, KTMT-nin beynəlxalq hüquqi əsasını təşkil edən və 10 dekabr 2010-cu ildə yeniləşdirilmiş Kollektiv Təhlükəsizliyə dair Müqavilənin 1-ci bəndinə uyğun olaraq, “iştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək barədə öhdəliklərini bir daha təsdiq ediblər”. Üzv dövlət olan Ermənistanın Azərbaycana qarşı yürütdüyü hərbi təcavüz və işğalçılıq siyasəti KTMT-nin əsasını təşkil edən hüquqi sənədlərlə belə ziddiyyət təşkil edir”.

Azərbaycan Xarici İşlər Nazirliyi KTMT-nin Baş katibinə məsləhət bilir ki, o həqiqətən gərginliyin aradan qaldırılmasında maraqlıdırsa, onda üzv dövlət olan Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etsin.

XS
SM
MD
LG