Aprelin 10-da Ermənistan-Azərbaycan cəbhəsində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri qoşunların təmas xəttində qaytarılıb.
Məlumatı AZƏRTAC əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən yayıb.
Məlumata görə, proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib.
Amma neçə meyitin qaytarıldığı açıqlanmır.
Bundan əvvəl tərəflər aprelin 9-u və 8-də döyüş meydanından Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in vasitəçiliyi ilə meyitlərin çıxarılmasına başlamışdılar.
Aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində keçirilən hərbi əməliyyatlarda hər iki tərəf itkilər verib.