Accessibility links

Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirəcək


Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən 22-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb olunacaq.

"Təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək. Təlimlərdə həmçinin, son illər ərzində Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş ən yeni hərbi texnika və silahlara şəxsi heyətin yiyələnmə vərdişləri yoxlanılacaq", Azərbaycan Müdafiə Nazirliyi bildirir.

Azərbaycan Müdafiə Nazirliyinin genişmiqyaslı əməliyyat-taktiki təlimləri sentyabrın 11-dən 14-dək Ermənistanda keçirilən "Şant-2018" komanda-qərargah təlimlərindən bir neçə gün sonraya təsadüf edir. Ermənistandakı təlimlərə baş nazir Nikol Paşinyan rəhbərlik edib, ölkədə şərti hərbi vəziyyət elan edilib.

Ermənistan rəsmiləri bildirib ki, təlimlərin məqsədi hərbi vəziyyət elan olunsa, vaxtında səfərbərliyin həyata keçirilməsidir.

Ermənistan mediası yazır ki, ssenariyə görə təlimlərdə həm siyasi, həm də hərbi rəhbərlik iştirak edib. Ermənistan ordusu "şərti olaraq itirilmiş torpaqları geri qaytarır".

"Ermənistan hökumətinin "Müharibənin elan edilməsi barədə təklifin təqdir olunması" haqda təklifini əsas götürərək Ermənistan Konstitusiyasının 118-ci maddəsinin birinci bəndini və "Ermənistan Milli Məclisinin nizamnaməsi" konstitusiya qanununun 105-ci maddəsini əldə rəhbər tutaraq Ermənistan Milli Məclisi Azərbaycana qarşı müharibə elan etməyi qərara alır", bu barədə Ermənistan parlamentinin mətbuat katibi təlimlərdən danışarkən bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, “Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır.

"Bu, həmçinin, Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir", nazirliyin açıqlamasında deyilir.

Xatırladaq ki, hər iki ölkədə genişmiqyaslı hərbi təlimlər sentyabrın 18-də Nyu-Yorkda açılacaq BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşü ərəfəsində keçirilir.

İnidiyədək tərəflər bir qayda olaraq hərbi təlimlərin "şərti rəqibə" qarşı keçirildiyini bildirib. İlk dəfə olaraq münaqişə tərəfləri hərdi təlimlərin qarşı tərəfin hərbi qüvvələrinə qarşı keçirildiyini qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildən başlayıb. 1991-ci ildə aktiv hərbi əməliyyatlar başlayıb. 1994-cü ilin mayında Azərbaycan və Ermənistan atəşkəs barədə razılığa gəlib. Atəşkəsə qədər tərəflər on minlərlə itki verib, Azərbaycanın suverenliyində olan Dağlıq Qarabağ, Dağlıq Qarabağın ətrafında yeddi rayon və Dağlıq Qarabağdan on kilometrlərlə uzaqlarda olan Azərbaycanın bir sıra kəndləri ermənilərin silahlı nəzarətinə keçib.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub və tərəflər onlarla itki verib. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə hərbi əməliyyatlar dayandırılıb.

1992-ci ildə münaqişənin sülh yolu ilə nizamlanması üçün danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu yaradılıb. 1995-ci ildə Minsk qrupunun üç üzvü - ABŞ, Fransa və Rusiyanın həmsədrlik institutu təsis edilib. Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərlərinin hazırki status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına, Azərbaycan və Ermənistan prezidentlərinin çoxsaylı görüşlərinə baxmayaraq, indiyədək münaqişənin nizamlanmasında hər hansı irəliləyiş qeydə alınmayıb.

Ermənistanın yeni baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra dövlət başçıları arasında görüşlər olmasa da, xarici işlər nazirləri arasında görüşlər bərpa olunub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG