Accessibility links

Müdafiə naziri: Azərbaycan ərazisində üçüncü ölkənin hərbi bazası yerləşdirilə bilməz


Müdafiə naziri Zakir Həsənov İranda rəsmi səfərdədir
Müdafiə naziri Zakir Həsənov İranda rəsmi səfərdədir

Nazir İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi ilə görüşüb

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İrana səfəri davam edir.

İran KİV-nin yaydığı məlumata görə Zakir Həsənov bu gün Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi ilə görüşüb.

Görüşdə ikitərəfli hərbi əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub.

H.Firuzabadi bildirib ki, Azərbaycanın müdafiə naziri və rəhbərlik etdiyi nümayəndə heyəti İran istehsalı olan silah-sursatlarla və digər texnikalarla yaxından tanış olub və müəyyən razılıqlar əldə edilib.

Eyni zamanda Mehr Agentliyi məlumat verir ki, bu gün Zakir Həsənov Tehranda həmkarı Hüseyn Dehqanla birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İsrail hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə dair suala cavabda Z.Həsənov bildirib ki, Azərbaycanın ərazisindən qonşu ölkələri heç bir təhlükə gözləmir: "Biz buna icazə verməyəcəyik. Biz həmişə beynəlxalq və regional qurumlarda ölkəmizin bu rəsmi siyasətini aşkar bəyan etmişik".

Z.Həsənov deyib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, Azərbaycan ərazisində üçüncü ölkənin hərbi bazası yerləşdirilə bilməz.

İrana səfərinin 2-ci günü olduğunu xatırladan Zakir Həsənov bildirib ki, Azərbaycan və İranın müştərək bağlılıqları var və bu iki ölkə arasında həmişə dostluq və qardaşlıq münasibəti olub.

Öz növbəsində Hüseyn Dehqan Azərbaycanın ərazi bütövlüyünu dəstəklədiyini deyib.

O, həmçinin Birləşmiş Millətlər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 20 faizi sərbəst buraxılmasını tələb edən dörd qətnamə verdiyini deyib.

Z.Həsənov İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın dəvəti ilə aprelin 14-dən qonşu ölkədə səfərdədir.
XS
SM
MD
LG