Accessibility links

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı hərbi parad keçiriləcək


İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar hərbi parad keçiriləcək. Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edəcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq.

Paradda həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, BƏƏ, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan 100-dək nümayəndə iştirak edəcək.

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra 1918-ci il iyunun 26-da hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırılıb.

1920-ci il bolşevik işğalı ərəfəsində Azərbaycan ordusunun əsas döyüş hissələri və birləşmələri 8 alaydan ibarət iki piyada diviziyası, 3 alaydan ibarət süvari diviziyası və iki topçu briqadasından ibarət idi. Bunlardan başqa, ordunun bir sıra yardımçı hissə, bölmə və müəssisələri də var idi.

1920-ci ildə Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilib, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib.

Azərbaycan 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul edib.

Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi elan edilib.

XS
SM
MD
LG