Naxçıvan Muxtar Respublikasının gömrükçüləri Muxtar Respublikanın ərazisi ilə Türkiyəyə tranzit keçən yük avtomobilindən 105 kiloqramdan çox heroin aşkarlayıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, Naxçıvan Muxtar Respublikasına gələn Türkiyə vətəndaşı Bəkir Koroğlunun idarə etdiyi Renault markalı yük avtomobilinə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsində gizli saxlanc yerləri müəyyən olunub.
Gizli saxlanc yerindən 104 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 105,4 kiloqram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.