Accessibility links

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbərinin “like” üzrxahlığı


Avropa İttifaqı yanında İslam Əməkdaşlığı Təşkilatınınnümayəndəsi Arif Məmmədovun Facebook səhifəsində 19 may yanğınına görə məmurları kəskin tənqid edən statusunu bəyənmiş Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyanatla çıxış edib.

Hacıyev öz Facebook səhifəsində A.Məmmədovun statusunu bəyənməsinə belə aydınlıq gətirib.

“Texniki parametrlər baxımından Facebook sosial şəbəkəsində hər hansı statusun “like” edilməsi bu fikrin bilavasitə qəbul və ya təsdiq edilməsi mənasını daşımasa da daha çox “gördüm, oxudum və ya tanış oldum” demək olsa da onun sosial şəbəkələrdə yaşayış binasında yanğın ilə əlaqədar yazdığı statusunun “like” edilməsi ilə əlaqədar yaranmış anlaşılmazlığa görə üzrxahlığımı bildirirəm. Bu məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinin rəhbərliyi tərəfindən lazımı ölçü götürülüb və tədbirlər görülüb”, - Hacıyev yazıb.

O qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinə sadiq qalaraq möhtərəm prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətə xidmət edib və həmişə də xidmət edəcək.

“Rahat həyat və Avropa ölkələrində sığınacaq almaq məqsədilə belə əməllərə əl atan Arif Məmmədov kimisinin adımızdan danışmağa heç bir haqqı yoxdur.

Artıq bir neçə ildir Azərbaycan Xarici İşlər Nazirliyi sistemində deyil, İslam Əməkdaşlıq Təşkilatında işləyən bu şəxsin əməllərini, eləcə də sosial şəbəkələrdə ölkəmizin ictimai-siyasi və mədəniyyət xadimləri, Azərbaycan xalqı və ölkəmiz haqqında yazdığı fikirlərini qəti şəkildə pisləyir və qınayıram. Öz xalqına qarşı təhqir qəbuledilməzdir.

Arif Məmmədov Avropadakı havadarları ilə əlbir olaraq Avropa oyunları ilə əlaqədar ölkəmizə qarşı aparılan əks-təbliğat kampaniyasının bariz nümunəsidir”, H.Hacıyev bildirib.

Diplomat yazıb ki, harada olmağından və çalışmağından asılı olmayaraq əqidə, amal və əməli ilə Azərbaycan prezidenti, ali baş komandan İlham Əliyevin hər bir əmrinə müntəzirdir.

Sonra o, KİV nümayəndələrindən xahiş edib ki, bu bəyanata isnad edərkən onu yalnız vətəndaş Hikmət Hacıyev kimi qeyd etsinlər.

Bununla yanaşı, Hacıyev Arif Məmmədovun statusunu “like” edənlər barədə Xarici İşlər Nazirliyinin rəhbərliyinin hansı lazımı ölçü götürdüyünü və tədbirlər gördüyünü yazmayıb.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG