Accessibility links

Hillari Klinton: Gərək Dağlıq Qarabağ münaqişəsi həllini tapsın, bir yol olmalıdır


Dövlət katibi Ermənistan-Azərbaycan cəbhəsində son günlər əsgərlərin həlak olmasından narahatlığını bildirib. O həmçinin enerji və Əfqanıstandan danışıb.

ABŞ dövlət katibi Hillari Klintonla bugünkü danışıqlarda əsas diqqət Qarabağ nizamlanmasına yönəlib. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov yekun mətbuat konfransında bildirib.

O ümid edir ki, ABŞ və digər vasitəçilərin səyləri münaqişənin həllinə təkan verəcək.
Danışıqlarda NATO-nun Əfqanıstanda əməliyyatlarına, enerji əməkdaşlığına və regional məsələlərə də toxunulub.
Öz növbəsində, xanım Klinton bildirib ki, prezident, xarici işlər naziri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşündə üç mövzu müzakirə olunub: təhlükəsizlik, enerji və demokratiya.

O, Əfqanıstanda beynəlxalq koalisiyanın səylərini dəstəklədiyinə görə və hava dəhlizini verdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.
Enerji əməkdaşlığı ikitərəfli münasibətlərdə prioritetlərdən biri olaraq qalır. “ABŞ qlobal enerji təhlükəsizliyində və Cənub qaz dəhlizi layihəsinin reallaşmasında Azərbaycanın mühüm rolundan razıdır”.

Dövlət katibi suallara cavabda Ermənistan-Azərbaycan cəbhəsində son günlər əsgərlərin həlak olmasından narahatlığını bildirib.

O deyib ki, prezidentlər Sarkisyanla Əliyevi Helsinki Yekun Aktının prinsipləri əsasında nizamlanmaya nail olmaq üçün lazımi səyləri göstərməyə çağırıb.

“Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz. Münaqişənin hərbi həll yolu yoxdur. Gənc əsgərlərin ölümü bizim üçün yasdır. Biz sülhə nail olmaqla əsgərlərin axıdılan qanına qiymət verməliyik. Biz yalnız sülh yolunu seçməliyik”.

Xanım Klinton deyib ki, iki həftə sonra Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə yeni görüşü olacaq. “Biz orada yeni yanaşma tərzlərini müzakirə edəcəyik. Mən Ermənistanda və Azərbaycanda bu məsələləri müzakirə etdim. Gərək münaqişə həllini tapsın, bir yol olmalıdır. Biz 2012-ci ildə yaşayırıq. Münaqişənin həllinin vaxtı çoxdan keçib. Mən əlimdən gələni edəcəm. Hər iki prezidentə söz vermişəm ki, münaqişənin həlli üçün əlimdən gələni edəcəm”.

XS
SM
MD
LG