ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klinton Almaniya kansleri Angela Merkeli Avropanın ən qüdrətli lideri adlandıraraq, Amerikada da qadın liderin olması üçün vaxtın gəlib çatdığını bildirib, lakin özünün bu vəzifəni əldə etməyə çalışacağı ilə bağlı bir söz deməyib.
Xanım Klinton yeni çap edilmiş “Çətin seçimlər” kitabını Almaniyada tanıtmaq məqsədilə Berlinə səfər edib.
2016-cı ildə ABŞ prezident seçkisində namizədliyini irəli sürəcəyi gözlənilən keçmiş senator və Amerikanın birinci xanımı olan Hillari Klinton kansler Merkeli nümunə göstərərək, Birləşmiş Ştatlarda da qadın prezidentin ola bilməsinin mümkün olduğunu deyib.
Almaniyanın Bild am Sonntag qəzetinə müsahibə verən Hillari Klinton ABŞ perzident seçkisində iştirak edib-etməmək haqda qərarını ya bu ilin sonu, ya da gələn ilin əvvəli elan edəcəyini bildirib.
Şiller teatrında görüş zamanı xanım Klinton kansler Merkellə eyni zövqü bölüşərək, ikisinin də şalvarlı kostyum sevdiyi ilə bağlı zarafat edib. O, xanım Merkelin Avropada liderliyinə yüksək qiymət verdiyini deyib. “Mən kitabda yazmışam ki, o, Avropada ən qüdrətli liderdir, fikrimcə, o, qlobal miqyasda böyük liderdir, o, Avropanı çiyinlərində aparıb və bu, asan iş deyil”-deyə Hillari Klinton bildirib.