Hindistanın Səhiyyə Nazirliyi Cənubi Asiyanın bu ölkəsində COVID-19-a yoluxma hallarının hazırda beş milyonu keçdiyini bildirib.
Çərşənbə günü Səhiyyə Nazirliyinin bildirdiyinə görə, son 24 saat ərzində ölkədə 1290 ölüm, 90123 yeni yoluxma halı qeydə alınıb.
Cons Hopkins Universitetinin koronavirus hallarını izləyən veb səhifəsindəki məlumatlara əsasən, 1,4 milyard əhalisi olan Hindistanda 82 066 ölüm halı daxil olmaqla, ümumilikdə koronavirusa 5 020 359 yoluxma halı qeyd edilib. Sentyabrın 5-dən bəri ölkədə bir milyon yeni yoluxma halının qeydə alındığı bildirilib.
Hindistanda mart ayında, pandemiyanın ilk günləri dünyada ən sərt məhdudiyyətləri tətbiq edilməsi ölkənin demək olar ki, bütün iqtisadi fəaliyyətinin dayandırılmasına gətirib çıxarmşdı. COVID-19-a yeni yoluxma hallarının artması ölkənin məhdudiyyətləri tədricən yumşaltmağa başlamasından sonraya təsadüf edir.
Hindistan koronavirus hallarına görə 195 947 ölüm halı daxil olmaqla, 6 606 293 yoluxma halının qeydə alındığı ABŞ-dan sonra ikinci yerdədir.
Çərşənbə axşamı Filadelphiya ştatının Pensilvaniya şəhərində milli televiziya ilə nümayiş etdirilən tədbir zamanı prezident Donald Tramp ölkədə COVID-19-a qarşı peyvəndin "bir neçə həftə içərisində" hazır olacağını deyib. Lakin onun bu açıqlamaları aparıcı səhiyyə mütəxəssislərinin mümkün bir peyvəndin bundan daha gec hazır olacağı ilə bağlı proqnozlarına ziddir.