Mayın 6-da Hindistan COVID-19-a yeni yoluxmaların rekord həddə çatdığını bildirib. Ölkə rəsmiləri bunun pandemiyanın üçüncü dalğası olduğu barədə xəbərdarlıq edib.
Səhiyyə Nazirliyi 39280 ölüm də daxil olmaqla, bir gündə koronavirusa 412262 yeni yoluxma halının qeydə alındığını bildirib. Bu Cənubi Asiya ölkəsində COVID-19-a yoluxanların təsdiqlənmiş ümumi sayı 21 milyondan, ölüm sayı isə 230168-dən bir çoxdur.
Hökümətin baş elmi müşaviri K. Vijay Raqhavan mövcud dalğanın dağıdıcı təsirləri ilə mübarizə apararkən üçüncü bir koronavirus dalğasının ölkəni bürüyəcəyinə dair xəbərdarlıq edib.
"Virusun dövriyyədə yüksək miqdarda olduğu nəzərə alınmaqla, 3-cü fazanın olması qaçılmazdır. Lakin bu 3-cü fazanın hansı miqyasda olacağı bəlli deyil. Yeni dalğalara hazırlaşmalıyıq" - deyə, Raqhavan Dehlidə keçirdiyi brifinqdə bildirib.
Hindistanın COVID-19 böhranı ağır xəstələrin müalicəsi üçün lazım olan oksigen və peyvənd istehsal etmək üçün lazım olan xammal çatışmazlığı üzündən ağırlaşır. Yerli xəbərlərə görə, dünyanın ən böyük peyvənd istehsalçısı Serum İnstitutunun Hindistanda yerləşməsinə baxmayaraq, peyvənd 1,3 milyard əhalisi olan ölkənin yalnız 2% -nə tətbiq edilib.
Virusun bu dərəcədə artmasına səbəbin ölkədə daha yoluxucu variantların ortaya çıxması və bu ilin əvvəlində pandemiya nəzarət altına alındığı zaman böyük izdihamlarla bağlı məhdudiyyətlərin yumşalması olduğu deyilir.