Accessibility links

Honq Konqda təmizlik işləri aparılır


Honq Konqda nümayişçilərin Qanunvericilik Şurasına hücumundan sonra təmizlik işləri aparılır.

Müttəhimlərin mühakimə edilmələri üçün Çinə göndərilməsinə etiraz edən insanlar pəncərələri sındırıb, demokratiya yönümlü şüarlar sələndirib. Binanın 3 saatlıq zəbti ərzində qanunvericilərin portretləri qaldırılıb.

Şuranın prezidenti Andrü Leunq etirazçıların hücumunu Honq Konqun dəyərlərinə zidd adlandırıb.

O, təmir işlərinin uzun sürəcəyinə görə şuranın iyul sessiyalarının təxirə salındığını deyib.

Honq Konqda etirazçılar və iğtişaş polisi bazar ertəsi adanın Çinlə birləşməsinin iyirmi ikinci ildönümündə yenidən küçələrə axışıb.

Minlərlə etirazçı gündüz saatlarında şəhərdə hökümət binasının ətrafına toplaşıb. Kiçik bir qrup polis səddini yararaq parlamentə daxil olmağa nail olub. Onlar binadakı portretləri məhv edib və divarlarda qraffiti-şüarlar yazıb.

Etirazlar Honq Konqun Cinə təhvil verilməsinin ildönümünə təsadüf etsə də, adanı bürüyən etiraz dalğasına kommunist Çinə ekstradisiyaya dair mübahisəli qanun layihəsi səbəb olub.

Nümayişlər Honq Konq lideri Karri Lam qanun layihəsini təxirə salacağını deyəndən bəri davam edib.

Lakin Lam qanun layihəsini həmişəlik ləğv etməyib, etirazçıların digər tələblərini də yerinə yetirməyib. Buna polisin iyunun 12-də keçirilən nümayiş zamanı əl atdığı taktikalarla bağlı təhqiqatın aparılmasına dair tələb daxildir.

Honq Konqda şəhərin 2047-ci ilədək təmin olunan muxtariyyətini getdikcə Çinə itirdiyinə dair narahatlıqlar artır. Hazırda vətəndaşlar Honq Konqun mini-konstitutsiyası hesab olunan bir sıra mülki və siyasi haqların daxil olduğu Təməl Qanun altında qorunur.

XS
SM
MD
LG