Accessibility links

Hizbullah İsrailin hücumu nəticəsində iki döyüşçünün öldürüldüyünü bildirir


Livanın Hizbullah hərəkatı bazar günü İsrailin hava hücumu nəticəsində İranın dəstəklədiyi qruplaşmanın iki döyüşçüsünün öldürüldüyünü bildirib. Bir neçə gün əvvəl səhiyyə nazirliyi hücum nəticəsində daha bir nəfərin öldürüldüyünü bəyan etmişdi.

Fələstinli silahlı qruplaşmanın oktyabrın 7-də İsrailə qarşı terror hücumu Qəzzada müharibəyə səbəb olduqdan sonra Hizbullah müttəfiqi HƏMAS-a dəstək üçün İsraillə demək olar ki, hər gün atəş mübadiləsi aparıb.

Keçən ayın sonunda Tehranda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin İsrailin günahlandırıldığı sui-qəsdinən və Beyrutun cənubuna edilən hücum zamanı Hizbullahın baş hərbi komandiri Fuad Şükrün öldürülməsindən sonra gərginlik daha da artıb.

"Bu gün İsrailin Təybə kəndini hədəf alan hücumu iki nəfərin ölümünə səbəb olub," Livanın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Hizbullah onların İsraillə sərhəd yaxınlığındakı Təybədə öldürülən döyüşçüləri olduğunu təsdiqləyib.

Rəsmi xəbər agentliyi "Dron Təybə kəndinə iki raket atıb" deyə bildirib.

İsrail hərbçilərinin bildirdiyinə görə, ordu "gün ərzində Təybenin yaxınlığında yerləşən Adeysə bölgəsində Hizbullahın bir neçə hərbi strukturunu vurub".

Bazar günü axşam açıqlanan başqa bir bəyanatda ordunun Hizbullahın Təybə bölgəsindəki "terror yuvasına" və "Derdqayə bölgəsindəki hərbi strukturuna" zərbələr endirdiyi bildirilib.

"Derdqayəyə zərbədən sonra baş verən partlayışlar strukturun içərisində silahların olduğunu göstərib," bəyanatda deyilir.

Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Derdqayə yaxınlığındakı Maarub şəhərinə endirdiyi zərbə nəticəsində azı bir livanlı və 11 suriyalı yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu deyilib.

Hizbullah bazar günü dronlardan istifadə edərək, İsrailin şimalındakı hərbi mövqelərə qarşı edilən bir neçə hücumdan azı ikisinin məsuliyyətini öz üzərinə götürüb.

Forum

XS
SM
MD
LG