Accessibility links

Hizbullah: Mustafa Bədrəddini sünni ekstremistlər öldürüb


Livanın yaraqlı qrupu olan Hizbullah Suriyanın paytaxtı Dəməşq yaxınlığında qrupun ordu komandirlərindən biri olan Müstafa Bədərəddinin ölümü ilə nəticələnən hücumu islamçı yaraqlıların həyata keçirdiyini iddia edib.

Hizbullahın Bədrəddinin ölümünü dünən günün ikinci yarısında təşkil edilən dəfn mərasimində bəyan edib.

Bu gün açıqlanan bəyanatda qrup bildirib ki, onlar təhqiqata başlayıblar və Mustafa Bədrəddini şəhidlik zirvəsinə yüksəldən partlayışın bölgədəki təkfiri qrupun (sünni ekstremistlər) həyata keçirdiyi artilleriya hücumları nəticəsində baş verdiyini aşkarlayıblar.

Hizbullah döyüşçüləri dünən dəfn mərasimi zamanı Beyrutun cənub bölgəsindəki küçələrdə matəm elan ediblər.

Livanda qərargahlanan qrup dünən Beyrut televiziya kanalında 55 yaşlı Bədrəddinin İsrail hava hücumu zamanı həlak olduğunu bildirmişdi. Ancaq İsrail hücumu təsdiqləməyib.

Bədrəddin 2008-ci ildən bəri Hizbullahın hərbi komandiri qismində fəaliyyət göstərib.

O, 2005-ci ildə Livan sabiq baş naziri Rafiq Həriri və digər 21 nəfərin qətliyamını planlaşdıran dörd nəfərdən biri olub. Hadisə ilə bağlı məhkəmə işi 2014-cü ildə Haaqa məhkəməsində başlayıb və indiyədək davam edir.

Hizbullah hücumun həyata keçirilməsində iştirakını təkzib edib.

Bədrəddin 1983-cü ildə bomba hücumunda iştirak etdiyinə görə Küveytdə ölümə məhkum edilmişdi. O, 1990-cı ildə Səddam Hüseynin hakimiyyətdə olduğu zaman İraqın Küveyti işğal etdiyi zaman həbsxanadan qaçmağa müvəffəq olmuşdu.

2015-ci ildə isə ABŞ Maliyyə Nazirliyinin bəyanatında Bədrəddinin 2011-ci ildən bəri Suriyada yaraqlı qrupun həyata keçirdiyi hərbi əməliyyatlara rəhbərlik etdiyi deyilib.

XS
SM
MD
LG