Honq Konqun baş icraçı direktoru Kerri Lam gələn ay yarı-muxtar Çin şəhərinin 7,5 milyon əhalisinin məcburi COVID-19 testindən keçməyə başlayacağını bəyan edib.
Lam çərşənbə günü jurnalistlərə deyib ki, Honq Konq gələn aya qədər sınaq qabiliyyətini gündə bir milyona qədər artıracaq və sakinlər mart ayında üç dəfə sınaqdan keçiriləcək. O, həmçinin gələn aya qədər şəhərin peyvənd nisbətini 90%-ə çatdırmağı hədəflədiyini bildirib.
Asiyanın bu maliyyə mərkəzi yüksək yoluxucu omikron variantının yaratdığı yeni koronavirus hallarının öhdəsindən gəlmək üçün var gücü ilə mübarizə aparır. 2022-ci ilin əvvəlindən bəri Honq Konqda 53 mindən çox COVID-19-a yoluxma, 145 ölüm halı qeydə alınıb.
Yoluxma hallarının artması şəhərin səhiyyə sistemini tənəzzül həddinə çatdırıb. Yağışda və soyuq havada minlərlə xəstə dövlət xəstəxanalarından kənarda müalicə olunur. Minlərlə koronavirus xəstəsini yerləşdirmək üçün şəhər ictimai yaşayış binalarını və qapalı idman mərkəzlərini təcrid obyektlərinə çevirməyə tələsir.
Honq Konq Universitetinin tədqiqatçıları tərəfindən aparılan təhlil şəhərdə yoluxma nisbətinin gələn ayın əvvəlinə qədər gündə 180 minə yüksələ biləcəyini və mayın ortalarına qədər ölüm sayının 3200-dən çox olacağını proqnozlaşdırıb.
Yeni koronavirus hallarının sayının artmasına baxmayaraq, Lam Honq Konqun koronavirusun qarşısının tamamilə almağı hədəfləyən Çinə bənzər "sıfır COVID" strategiyasını həyata keçirməyə davam edəcəyini deyib.
Lam eləcə də Honq Konqun iyul-avqust aylarındakı illik məktəb tətili mövsümünü mart və aprel aylarına keçirəcəyini, beləliklə məktəb binalarının sınaq, izolyasiya və peyvənd mərkəzlərinə çevrilə biləcəyini bildirib. O, həmçinin Britaniya və ABŞ da daxil olmaqla, yüksək riskli kimi təsnif edilən azı səkkiz ölkəyə uçuşlara qadağanı aprelin 20-dək uzadıb.