Accessibility links

Human Rights Watch Rusiyanın Ukraynada kasetli bombalardan istifadəsini pisləyib


Human Rights Watch (HRW) təşkilatının cümə axşamı açıqladığı hesabatda Rusiya ordusunun Ukraynadakı müharibədə kasetli bombalardan geniş istifadə etməsinin yüzlərlə mülki əhaliyə uzunmüddətli zərər və iztirablar gətirdiyi deyilib.

Nyu-Yorkda yerləşən hüquq müdafiə təşkilatı “Kasetli Sursatlar Monitoru 2022” başlıqlı qlobal hesabatında hazırda bu cür sursatların istifadə olunduğu yeganə ölkənin Ukrayna olduğunu bildirib. O, həm Rusiya, həm də Ukraynanı onlardan istifadəni dayandırmağa, bu silahı qadağan edən 2008-ci ilin beynəlxalq müqaviləsinə qoşulmağa çağırıb.

Hesabatda deyilir ki, Rusiya fevralın 24-də Ukraynanı işğal etdikdən sonra kasetli bombalardan geniş şəkildə, Ukrayna qüvvələri isə bu müharibədə onlardan azı üç dəfə istifadə edib.

Havada açılan kasetli bombalar artilleriya, raketlər və ya təyyarələrlə atılır, çox sayda bomba və ya partlayıcı sursatları geniş əraziyə yayır.

Bombaların bir hissəsi atılan zaman partlamadığı üçün sonradan uşaqlar da daxil olmaqla, hərbçiləri və mülki vətəndaşları fərq qoymadan şikəst edə və ya öldürə bilir.

Hesabatda deyilir ki, Rusiya işğala başlayandan iyul ayına qədər Ukraynada kasetli bomba hücumları nəticəsində azı 689 mülki itki qeydə alınıb.

Bildirildiyinə görə, Ukraynanın 24 regionundan azı 10-da Rusiyanın yüzlərlə kasetli bomba hücumu həyata keçirdiyi sənədləşdirilib, hesablanıb və ya iddia edilib.

Rusiya Ukraynada kasetli bombalardan istifadəsini inkar etməyib və həmin silahın qanuni olduğunu “yalnız düzgün istifadə edilmədikdə zərərli ola biləcəyini” deyib.

Hesabatda deyilib ki, Ukrayna qüvvələri də Rusiya silahlı qüvvələrinin və ya onunla bağlı olan silahlı dəstələrin nəzarətində olan ərazilərdə kasetli bombalarından azı üç dəfə istifadə edib.

Ukrayna da həmçinin münaqişədə kasetli bombalardan istifadə etdiyini inkar etməyib, lakin “Ukrayna Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquq normalarına ciddi şəkildə riayət etdiyini” bildirib.

Nə Rusiya, nə də Ukrayna 110 ölkə tərəfindən ratifikasiya edilən, daha 13 ölkə tərəfindən imzalanmış bu tip sursatları qadağan edən Kasetli Sursatlar üzrə 2008-ci il Konvensiyasının üzvü deyil.

“Kasetli bombaların mülki vətəndaşlara gətirdiyi ani və uzunmüddətli iztirab bu gün Ukraynada onlardan istifadəni vicdansızlıq və qeyri-qanuni edir,” Human Rights Watch-un əməkdaşı Meri Veyrham bildirib.

Hesabatda deyilir ki, Human Rights Watch-un Ukraynanın ikinci ən böyük şəhəri Xarkivdə apardığı araşdırmada Rusiya qüvvələrinin may ayında evlərə, şəhərin küçələrinə, parklara, həmçinin doğum evi və mədəniyyət mərkəzinə kasetli bombalar atdığı müəyyən edilib.

Hesabatda eləcə də Rusiyanın Ukraynada həm köhnə, həm də yeni istehsal olunan kasetli sursatlardan istifadə etdiyi bildirilib.

XS
SM
MD
LG