Xilasedicilər və xəstəxana rəsmilərinin dediyinə görə, şənbə günü İsrailin Qəzza zolağında iki evə havan zərbəsi nəticəsində 90-dan çox fələstinli öldürülüb. BMT baş katibi Antonio Quterreşin cümə günü Qəzzada mülki vətəndaşların təhlükəsizlik üçün gedə biləcəkləri yerin olmadığına dair xəbərdarlıq edib.
İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Haqari cümə günü deyib ki, qüvvələr quru hücumunu “zolağın əlavə ərazilərinə” genişləndirir və “diqqəti cənuba” yönəldir. Haqari deyib ki, əməliyyatlar həmçinin İsrailin quru hücumunun ilkin hədəfi olan Qəzzanın şimal hissəsində davam edir. Ordu Qəzza şəhərinin bir neçə hissəsində HƏMAS döyüşçülərinə qarşı hava hücumları həyata keçirdiyini bildirib.
İsrail ordusu son bir həftədə Qəzzada yüzlərlə iddia olunan militantı həbs etdiyini və onları dindirilmək üçün İsrailə göndərdiyini bildirib və bununla da hazırda həbsdə olan İslamçı Cihad və Aİ və ABŞ-ın terror qruplaşması olaraq təyin etdiyi HƏMAS-la əlaqəsi olduğu iddia edilən insanın sayı 700-ü ötüb.
Sərbəst buraxılanların bəziləri deyib ki, onlar alt paltarlarına qədər soyundurulub, döyülüb və günlərlə minimum su ilə saxlanılıb.
İsrail ordusu pis rəftar iddialarını rədd edib və deyib ki, militant qruplarla əlaqəsi olmayanlar qısa zamanda sərbəst buraxılıb.
İsrail mülki şəxslər arasında yüksək ölüm hallarına görə HƏMAS-ı günahlandırır və buna səbəb olaraq qrupun izdihamlı yaşayış məntəqələri və tunellərini göstərir.
Atəşkəslə bağlı beynəlxalq çağırışların artmasına baxmayaraq, İsrail HƏMAS məhv edilənə və Qəzzada hakimiyyətdən uzaqlaşdırılana və bütün girovlar azad edilənə qədər mübarizəni davam etdirəcəyinə söz verib.
Qəzzaya humanitar yardım daxil olub
Şənbə günü Qəzzaya Misirin Rəfah sərhəd keçidindən 70 humanitar yük maşının daxil olduğuna dair məlumat yayılıb.
Qəzzanın ciddi humanitar yardıma ehtiyacı var. İsrail Qəzza sakinlərinə Qəzzanın cənubuna evakuasiya etmələrini söyləyib, ancaq onlar ora gəldiklərində kütləvi insan axını üçün çox az sayda yer olub.
Bu arada isə humanitar fasilə və müharibənin viran qoyduğu Qəzza zolağına yardımın çatıdırılması ilə bağlı günlərdir davam edən intensiv danışıqlardan sonra Birləşmiş Ştatlar cümə günü BMT Təhlükəsizlik Şurasının qətnaməsi üzərində səsvermədə bitərəf qalaraq, qətnamənin 15 üzvlük qurum tərəfindən təsdiq edilməsinə imkan verib.
“Bu gün bu şura təhlükəsiz, maneəsiz və genişləndirilmiş humanitar çıxışa dərhal icazə vermək və hərbi əməliyyatların davamlı dayandırılması üçün şərait yaratmaq üçün təcili addımların atılmasına çağırdı,” ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib və şuranın ilk səfər bu cür dildən istifadə etdiyi vurğulayıb.
O deyib ki, girovlar dərhal azad edilməlidir, və həm İsrail həm də HƏMAS beynəlxalq hüquqa hörmət etməlidir. O əlavə edib ki, ABŞ qətnamə HƏMAS-ın İsrailə 1200 nəfərin ölümü ilə nəticələnən terror hücumlarını qınamadığına görə “dərindən təəssüflənir.”
Qətnamədə İsrailin daha güclü şəkildə tənqid edilməsini istəyən Rusiya da bitərəf qalıb və Vaşinqtonun tələbi etdiyi dəyişikliklərin daxil edildiyi qətnamənin yekun layihəsini “son dərəcə sterilizasiya edilmiş” və “dişsiz” adlandırıb.
“Layihənin mətnində mülki şəxslərə qarşı ayrı-seçkilik edilmədən hücumları pisləyən istinadlar yığışdırılıb,” Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya tərcüməçi vasitəsilə çıxış edərək deyib. “Bu, beynəlxalq ictimaiyyətə hansı siqnalı verir? Təhlükəsizlik Şurasının İsrailə müharibə cinayətlərinə yaşıl işıq verdiyini mi?”
Rusiya səfiri şura üzvlərini “Vaşinqton üçün əlverişli qərara düşünmədən təsdiqləmək” hərəkətinə görə qınayıb.
Tomas-Qrinfild Nebenzyanın sözlərini rədd edib. “Rusiya indi şikayət etdikləri şəraiti Ukraynadakı səbəbsiz müharibəsinə də yaradıb”, o qeyd edib.
Forum