Accessibility links

Vəkil Yunis Səfərovun müdafiəsindən kənarlaşdırılıb


Yunis Səfərov (Foto-kollaj meydan.tv saytınından götürülüb)
Yunis Səfərov (Foto-kollaj meydan.tv saytınından götürülüb)

"Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən Yunis Səfərovun vəkili Elçin Sadıqov müdafiə işindən kənarlaşdırılıb". Bu barədə Y.Səfərovun anası Leylaxanım İsmayılovanın oğlunun vəkilsiz qalması, təzyiqlərə məruz qalması ilə bağlı ictimaiyyətə müraciətində deyilir.

Müraciətdə deyilir ki, Y.Səfərov hadisənin baş verdiyi iyulun 3-dən vəkilsiz olub.

"Üz tutduğumuz vəkillər müqavilə bağlamaqdan imtina etdilər, oğlum 25 gündən çox Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanılıb, işgəncələrə məruz qalıb, zorla bütün ifadələrə imza atmağa məcbur edilib".

L.İsmayılova deyib ki, iyulun 23-də vəkil E.Sadıqovla müqavilə bağlayıblar, ertəsi gün vəkil orderini Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə göndərib, amma vəkilə istintaq prosesinə daxil olmağa icazə verilməyib.

L.İsmayılova iddia edir ki, vəkilə bu işdən imtina etməsi üçün təzyiqlər başlayıb, Yunis Səfərovun müdafiə hüququnun pozulması və BMCMİ-yə qanunsuz etap olunması, orada uzun müddət qanunsuz olaraq saxlanılması barədə şikayəti vəkilin adından saxta imza ilə geri götürülüb.

Müraciətdə deyilir ki, vəkil E.Sadıqov Y.Səfərovla avqustun 13-də görüşə bilib, Y.Səfərov döyülməsi, elektrik işgəncəsinə məruz qalması barədə ifadə verib və bundan sonra Y.Səfərova və vəkilinə təzyiqlər başlayıb.

Müraicətə görə, bu il sentyabrın 5-də Baş prokurorun birinci müavini tərəfindən imzalanmış qərar sentyabrn 6-da Y.Səfərova təqdim edilib. Bu vəkillə müdafiə etdiyi şəxsin konfidensial olmalı görüşlərini izləyib və Baş Prokurorluğun xoşuna gəlmədiyi üçün vəkili prosesdən kənarlaşdırılıb, vəkildən Vəkillər Kollegiyasına şikayət edilib.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, Baş Prokurorluğun Elçin Sadıqovun Yunis Səfərovun müdafiəsindən uzaqlaşdırılması barədə qərarının məzmunundan vəkillə müdafiə etdiyi şəxsin ünsiyyət otağının dinlənilməsi qənatəinə gəlmək olur.

“Prokurorluq vəkil Elchin Sadiqovu Yunus Səfərovun müdafəsindən kənarlaşdırıb və qərarın məzmununa görə etiraf edirlər ki, vəkillə hüquqlarını müdafiə etdiyi şəxsin ünsiyyətdə olduğu otağı dinləyirlər. Bu qanunsuzluğa vəkil olaraq etirazımı bildirirəm. Vəkillə müdafiə etdiyi şəxsin danışığının konfidensiallığı konstitusiya və qanunlarla qorunur. Elçin Sadıqovla hüquqlarını müdafiə etdiyi Yunis Səfərovun ünsiyyət otağının dinlənilməsi konstitusiyaya, “Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanuna tam ziddir. Bu hal səlahiyyətli dövlət orqanları tərəfindən ciddiliyi ilə araşdırılmalıdır”, Cavadov qeyd edib.

L.İsmayılovanın müraciətinə əlaqəli qurumların, o cümlədən vəkil Elçin Sadıqovun münasibətini öyrənmək hələlik mümkün olmayıb.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb. Baş Prokurorluq hadisə ilə bağlı indiyədək 60-dan çox şəxsin həbs edildiyini açıqlayıb. Habelə, silahlı müqavimət göstərdiyi bildirilən 6 nəfərin zərərsizləşdirilərək öldürüldüyü bildirilib.

XS
SM
MD
LG