Tehranın Evin zindanında saxlanan 39 yaşlı İran və Kanada vətəndaşı, bloqçu Hüseyn Derəxşan azadlığa buraxılıb.
“Media forum” saytının məlumatına görə, Hüseyn Derəxşan noyabrın 19-da “Facebook” səhifəsində yaydığı məlumatda bildirib ki, ölkənin dini lideri onu əfv edib.
Əvvəllər İran rejiminin tənqidçisi olan Hüseyn Derəxşan 2008-ci ildə tövbə edərək İrana qayıdıb. Lakin o, ölkəyə gəlişindən iki həftə sonra tutulub və düşmən dövlətlərlə əməkdaşlıqda, islam respublikasına qarşı təbliğatda, müqəddəsləri təhqir etməkdə, əks-inqilabçı qrupları təbliğ etməkdə və qanunsuz saytlara rəhbərlikdə təqsirli bilinərək 19 il yarım həbsə məhkum edilib.
Tehran məhkəməsi bloqçunun azadlığa çıxandan sonra 5 il partiyalara üzv olmasını və mətbuatla əməkdaşlıq etməsini yasaqlayıb. Hüseyn Derəxşan 30 min avrodan çox pul cəriməsinə də məhkum edib.