Accessibility links

İntiqam Əliyev: Hakimiyyət sistemli şəkildə siyasi opponentlərini sıradan çıxartmaq siyasəti aparır


İntiqam Əliyev: Tofiq Yaqublunun həbsi hakimiyyətin opponentlərini sıradan çıxartmaq siyasətinin davamıdır
please wait

No media source currently available

0:00 0:15:12 0:00

Müxalifət lideri Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi beynəlxalq və yerli ictimaiyyətin reaksiyalarına səbəb olub. Hüquq müdafiəçiləri Milli Şuranın və Müsavat partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən biri olan Tofiq Yaqublunun həbsinin ölkədə fərqli düşünənlərə qarşı kampaniyanın bir hissəsi olduğunu bildirir. Hüquq müdafiəçisi, hüquqşünas, Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupun koordinatoru İntiqam Əliyev Amerikanın Səsinə müsahibəsində Tofiq Yaqublunun işi və Azərbaycanda siyasi məhbuslar problemi haqda danışıb.

Human Rights Watch beynəlxalq insan hüquqlarını müdafiə təşkilatının açıqlamasında Tofiq Yaqublunun həbsə məhkum edilməsinin "Azərbaycan hakimiyyətinin tənqidçilərindən qisas almaq üçün qanunun aliliyini pozmağa hazırlıq dərəcəsinin göstəricisi olduğu" bildirilir.

İntiqam Əliyev Azərbaycan prezidenti İlham Əliyevin mart ayında Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik çıxışında müxalifətə qarşı kəskin tənqidlərini xüsusi qeyd edərək, Tofiq Yaqublunun həbsinin “son illər siyasi opponentlər və vətəndaş cəmiyyətinin sıradan çıxarılması siyasəti”nin davamı olduğunu deyib.

İlham Əliyevin o çıxışları Tofiq Yaqublu barəsində bu gün o sərt qərarın çıxarılması üçün əsas idi. Sifarişçi İlham Əliyevdir, icraçıları isə kimlərdi, elə bir önəmli deyil.
İntiqam Əliyev

“Tofiq Yaqublunun həbsi Azərbaycan hakimiyyətinin bu ölkədə öz siyasi opponentlərini sıradan çıxartmaq istiqamətində uzun illərdən keçirdiyi siyasətin davamıdır. Siyasi opponentlərini, vətəndaş cəmiyyətini, medianı sıradan çıxartmaq siyasəti son illərdə sistemli şəkildə aparılır. Və xüsusilə də ölkə prezidentinin nifrət məzmunlu nitqindən sonra siyasi opponentlərinə qarşı, təkcə siyasi opponentlərinə qarşı yox, o nitqdə həm də vətəndaş cəmiyyəti, müstəqil media tənqid atəşinə tutulur. Və Tofiq Yaqublunun həbsi də, daha doğrusu, çıxarılmış ittiham hökmü də, çox ağır ittiham hökmü, adekvat olmayan, saxta ittihamlarla çıxarılan bu hökm də məncə, insanların gözünü qorxutmaq məqsədi daha çox güdür. Tofiq Yaqublunun həbsi ilə bağlı son dövrlərdə bu dərc olunmuş materiallarda tənqid hədəfi hökmü çıxarmış hakimdir, sonra həmin işdə iştirak etmiş prokurordu, müstəntiqdi və s. Amma bu hökmü sifariş verən adamın kim olduğu bu ölkədə duruma açıq bələd olan hər kəsə bəllidir. İlham Əliyevin o çıxışları Tofiq Yaqublu barəsində bu gün o sərt qərarın çıxarılması üçün əsas idi. Sifarişçi İlham Əliyevdir, icraçıları isə kimlərdi, elə bir önəmli deyil” - deyə, İntiqam Əliyev bildirib.

Ölkədə müstəqil media, müstəqil məhkəmə, azad vətəndaş cəmiyyəti, siyasi plüralizm, azad seçkilər olmasa, olmayacağı halda, siyasi məhbus problemi sistem problemi olaraq qalacaq.
İntiqam Əliyev

Beynəlxalq Amnesty International təşkilatı Tofiq Yaqublunu vicdan məhbusu kimi tanıyıb. "Tofiq Yaqublu vicdan məhbusudur və onun azadlıqdan məhrum edilməsi Azərbaycan rəsmilərinin siyasi müxalifətə və söz azadlığına qarşı basqılarına daha bir nümunədir", təşkilatın açıqlamasında bildirilir. Azərbaycan hökuməti ölkədə insanların siyasi baxışlarına görə təqib olunmadığını bəyan edir.

Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupun koordinatoru olan İntiqam Əliyev siyasi məhbusların yenilənmiş siyahısında 150-dən çox nəfərin adının ola biləcəyini deyib. O, hökumətin ölkədə siyasi məhbusların olmadığına dair iddiasının “heç bir əsası olmadığını” bildirib.

“Avropa Şurası səviyyəsində ölkədə siyasi məhbusların olduğu qeyd olunur və Azərbaycan hökumətinin son səyləri uğursuzluğa düçar olub. Avropa Şurası siyasi məhbuslar üzrə məruzəçi təyin edib, bununla bağlı dinləmələr olur və s. Hökumətin dedikləri yanlır bir şeydir. Hökumət iddia edir ki, siyahı şişirdilib və siyahıda olanların böyük bir hissəsi ya dindarlardır, ya terrorçulardır, ya da qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş adamlardır... Adamların siyasi motivli həbsləri artıq təkcə beynəlxalq qurumların qərarları, sənədlərində yox, həm də Avropa Məhkəməsinin qərarlarında təsdiqini tapır, təsdiqini tapmağa başlayıb. Avropa Məhkəməsində Azərbaycan hökumətini də təmsil edən hakim var və o hakimin iştirakı ilə artıq ondan çox iş üzrə həbslərin siyasi motivlər əsasında həyata keçirildiyi tanınıb və bu işlərin sayı da çoxalıb. Bu anlamda hesab edirəm ki, hökumətin dedikləri arqument kimi qəbul edilə bilməz və qəbul edilmir də və hökumətdən siyasi məhbusları azad etmək tələbləri daha sərt eşidilməyə başlayıb. Hökumətin əvvəlki dövrləri – diplomatları, siyasətçiləri pulla ələ almaq dövrü gedib, geridə qalıb. Və bu anlamda bu mövzuda müzakirələr onun üçün rahat olmayacaq.”

İntiqam Əliyev siyasi məhbus probleminin “sistemlə bağlı problem” olduğunu qeyd edib.

“Biz son dövrlərdə xüsusi olaraq vurğulayırıq ki, elə beynəlxalq təşkilatlar qarşısında bu məsələni qaldırırıq ki, sistem problemlərini qaldırmalısınız hökumət qarşısında. Ölkədə müstəqil media, müstəqil məhkəmə, azad vətəndaş cəmiyyəti, siyasi plüralizm, azad seçkilər olmasa, olmayacağı halda, siyasi məhbus problemi sistem problemi olaraq qalacaq.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG