Accessibility links

İran Qeydiyyat İdarəsi Alparslan adına şəxsiyyət vəsiqəsi verməkdən imtina edib


İran Daxili İşlər Nazirliyinin Qeydiyyat İdarəsi

İran Azərbaycanının Təbriz şəhərində bir ailənin övladına Alparslan adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün maneə törədilib. Ailənin Təbriz Qeydiyyat İdarəsinə müraciətindən 2 ay keçməsinə baxmayaraq, hələ ki, Alparslan şəxsiyyət vəsiqəsi almaqdan məhrumdur.

İnsan hüquqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyəti bu barədə məlumat yayıb.

Təbrizli milli fəal Mustafa Əvəzpurun oğlu Alparslanın adının türkcə olduğu üçün Təbriz Qeydiyyat İdarəsinin ona şəxsiyyət vəsiqəsi verməkdən imtina etdiyini bildirib.

Əvəzpur İran hökumətinin "türklərə qarşı olan bu siyasəti" ilə bağlı narazılığını ifadə edərək, indiyədək uşağına şəxsiyyət vəsiqəsi verilmədiyi üçün bir çox problemlər yaşadıqlarını bildirib. Alparslanın atası bildirib ki, şəxsiyyət vəsiqəsi ala bilmədikləri üçün övladı vaksinasiya və sığortadan məhrum qalıb.

İran Azərbaycanında ailələrin uşaqları üçün türkcə ad seçməsi xüsusilə milli fəallar arasında populyar bir hal alır. Uşaqlarına türkcə ad seçərək şəxsiyyət vəsiqəsi almaq istəyən ailələr, uzun müddətli bir prosedurdan keçərək, bəzən məhkəmənin müsbət qərarı ilə şəxsiyyət vəsiqəsi almağa nail olur. Buna baxmayaraq, uzun illər mübarizə apardıqdan sonra övladlarına şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr də var.

İnsan hüquqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyəti sosial media səfhəsində Ayıl, Anar, Sevgi, Yağış, Atakan, Oğuz, Türkay, Tarkan və Anna adlı uşaqların adını qeyd edərək Qeydiyyat İdarəsinin bu adlara etiraz etdiyini və şəxsiyyət vəsiqəsi verməkdən imtina etdiyini yazıb.

İran Qeydiyyat İdarəsi türkcə adlara etirazın səbəbini bu adların iranlı olmadığını irəli sürür. Son zamanlarda İran Qeydiyyat İdarəsinin etirazına səbəb olan Huntay adı verilmiş uşağın atası Taymaz Mehrəlibəyli Amerikanın Səsi ilə sohbətdə iranlı ad olmayıb yunanca və ya başqa ölkələr və mədəniyyətlərə aid onlarla uşaq adının siyahısında qeyd olunduğunu bildirmişdi.

Bir uşağın anadan doğulduğu zamandan bəri valideyni tərəfindən ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd edilib və fundamental insan hüquqlarından biri sayılır.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG