Accessibility links

İran televiziyasında "üstün Arya irqi" ifadəsi qalmaqal yaradıb


İran dövlət televiziyasında yayımlanan “Cədvəl müsabiqəsi” adlı proqramda “Arya irqi, ağların üstün irqi” sözlərinin ifadə edilməsi təpkilərə səbəb olub.

3-cü kanalda yayımlanan proqramın aparıcısı telefon vasitəsilə qatılan iştirakçıya “ən yaxşı ağ irq hansıdır?” sualını verib.

Müsabiqənin iştirakçısı “Arya” cavabını verir və aparıcı əlavə edir, “Arya! Tamamilə doğru. Tamamilə doğrudur. Arya irqi, ağların üstün irqidir.”

Proqrama olan etirazlar nəticəsində “aparıcının cəzalandırıldığına” dair xəbərlər yayılıb. Amma müsabiqənin suallarının aparıcı deyil, prodüser tərəfindən hazırlandığı bildirilir.

Cədvəl (krossvord) müsabiqəsinin prodüseri Fərhad İbtidai Mehr agentliyinə müsahibədə deyib ki, “sualları mən hazırlayıram və bu sual ilə heç bir qəsdimiz və hədəfimiz yox idi. Amma xarici media bundan sui-istifadə edib və İranın etnik icmaları arasında ixtilaf salmağa çalışır.”

Sualları mən hazırlayıram və bu sual ilə heç bir qəsdimiz və hədəfimiz yox idi. Amma xarici media bundan sui-istifadə edib və İranın etnik icmaları arasında ixtilaf salmağa çalışır.
Cədvəl müsabiqəsinin prodüseri

Prodüser sualları özü hazırlasa da, aparıcını cəzalandırdığını bildirib: “Aparıcı peşəkar olmalı və uyğun təpki verməyi bacarmalıdır. Biz müsabiqənin aparıcısını cəzalandırmışıq və indilik proqramı o, icra etməyəcək.”

Təpki göstərənlər İran televiziyanında irqçi ifadələrin normallaşdığına etiraz edirlər.

Sazandegi qəzeti bu kimi olayların daha əvvəl də baş verdiyini yazıb.

“Daha əvvəl də uşaqlar üçün yayımlanan Fitilə adlı proqram türklərin etirazına səbəb olmuşdu” - deyə, Sazandegi qəzetinin xəbərində qeyd edilib.

İran məktəblərində ölkə əhalisinin mənşəyinin Arya irqindən olduğu və İran sözünün “Aryaların yurdu” anlamına gəldiyi təbliğ edilir.

XS
SM
MD
LG