İran İslam Respublikasının prezidenti İbrahim Rəisi ölkə vilayətlərinə səfərləri çərçivəsində Qərbi Azərbaycan vilayətininin şəhərlərini də ziyarət edib.
Bu barədə dövlət xəbər agentliyi İRNA məlumat yayıb.
İbrahim Rəisi Urmiyədən Piranşəhrə helikopterlə gedərkən son zamanlarda qurumaqda olan Urmiyə gölünü müşahidə edib.
Yarı-rəsmi xəbər agentliyi İSNA-nın xəbərinə görə, İbrahim Rəisi Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində keçirilən bir tədbirdə gənc məzunların işlə təmin olunmasının dövlətin əsas hədəflərindən biri olduğunu bildirib. O, həmçinin bu tədbirdəki çıxışında dövlətin vilayətdəki iş yerlərinə yerli xalqın işə alınmasına üstünlük verdiyini vurğulayıb.
İran İslam Respublikasının prezidenti tərəfindən Qərbi Azərbaycanda dövlətin yerli xalqının işlə təmin olunmasına üstünlük verməsinin zəruriliyi vurğulanırkən, vilayətin valisinin Kirmanşah vilayətindən təyin edilməsi vaxtilə bir çox tənqidlərə səbəb olmuşdu.
İbrahim Rəisi, prezident olandan sonrakı səfərləri çərçivəsində Qərbi Azərbaycandan öncə 20 vilayətə səfər edib. O, daha öncə İran Azərbaycanının vilayətləri arasında Zəncan və Ərdəbili də ziyarət etmişdi.
Parlamentdə urmiyəli millət vəkili Ruhullah Həzrətpur Rəisinin Qərbi Azərbaycana səfərindən bir gün əvvəl İLNA xəbər agentliyinə verdiyi müsahibədə bu səfərlə əlaqədar deyib ki, "İran prezidentinin Qərbi Azərbaycana səfəri vilayətin problemlərinin həllinə kömək etməsə, əbəs olacaq."
İranda yayımlanan rəsmi statistikalar Qərbi Azərbaycan vilayətinin səfalət indeksinə görə, ölkədə birinci sırada yer aldığını, vilayətdə işsizlik və inflyasiyanın həddindən artıq yüksək olduğunu göstərir. Urmiyə millət vəkili Həzrətpur vilayətin səfalət indeksində aldığı yerə istinadən deyib ki, “cənab Rəisinin bu vilayətə səfərinin məqsədi mövcud məhrumiyyətləri aradan qaldırmaq olmalıdır.”