Birləşmiş Ştatların iki idmançısı Limada keçirilən Pan Amerika Oyunlarındakı medallların təqdimedilməsi mərasimlərində nümayiş etdirdikləri etiraz hərəkətinə görə ABŞ-ın Olimpiya və Paralimpiya Komitəsinin sanksiyaları ilə üzləşir.
Amerikalı qılıncoynadan Reys İmboden ona və komanda yoldaşlarına medallar təltif edildikdən sonra ABŞ himninin səsləndirildiyi vaxt ABŞ bayrağı qarşısında ayaq üstə dayanmaq əvəzinə bir dizi üstə çöküb.
2019 Pan Amerika Oyunlarında yarışan hər bir idmançı oyunların şərtlərini yerinə yetirməli, o cümlədən siyasi xarakterli addımlardan çəkinməlidir.ABŞ Olimpiya Komitəsi
Bazar günü CNN televiziya kanalına verdiyi müsahibəsində Reys Imboden bu hərəkətinə keçən həftə Peruda yarışlarda olduğu zaman El-Paso və Deytonda baş verən iki kütləvi qırğının səbəb olduğunu deyib.
Üç il əvvəl Milli Futbol Liqasının müdafiəçisi Kolin Kopernik də “San Francisco 49ers” oyunları zamanı polisin gənc qaradərililərə qarşı qəddar münasibətinə etiraz olaraq himn çalınarkən dizi üstə çökmüşdü.
Şənbə günü afro-amerikalı çəkicatma üzrə idmançı Kvin Berri komandasına qızıl medalın təqdim edilməsi mərasimi zamanı himn oxunarkən yumruq qaldırıb.
Prezident Donald Trump idmançıların etirazları ilə bağlı şərh verməyib. Lakin ABŞ-ın Olimpiya Komitəsinin rəsmiləri "2019 Pan Amerika Oyunlarında yarışan hər bir idmançının oyunların şərtlərini yerinə yetirməli, o cümlədən siyasi xarakterli addımlardan çəkinməli" olduğunu bildirib.