"Gilavar" - Hava və Ekstrim İdman Klubunun 3 üzvündən xəbər yoxdur.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, onlar dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətinə yürüşə çıxıb. Amma geri qayıtmayıblar və onlarla əlaqə kəsilib.
Açıqlamaya görə, bu barədə nazirliyə dekabrın 26-da məlumat daxil olub.
"Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək", - məlumatda vurğulanır.
Öz növbəsində “Gilavar" Hava və Ekstrim İdman Klubu məlumat verir ki, klubun üzvləri Şahyaylaq-Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqə kəsilib.
Axtarışları Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya Nazirliyinin və FAİREX-in üzvlərindən ibarət komanda həyata keçirir.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, itkin düşən alpinistlər Babur Hüseynov, Namin Bünyatov, Fəridə Cəbrayılzadədir.