Accessibility links

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Sammiti açılıb


Forumda 6 dövlət başçısı iştirak edir

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısı açılıb. Sammitdə Türkiyənin baş naziri, Azərbaycan, İran, Pakistan, Əfqanıstan, Tacikistan prezidentləri iştirak edir. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və İordaniya isə Sammitə yüksək vəzifəli rəsmi şəxsləri ilə qatılıb.

Proqrama görə, zirvə toplantısının sədri adından Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan çıxış edəcək. Sonra zirvə toplantısının sədrliyi Azərbaycana keçəcək. Azərbaycan prezidentinin çıxışından sonra digər ölkə rəhbərləri və təmsilçiləri çıxış edəcək.

Zirvə toplantısı Bakı bəyannaməsinin qəbulu ilə başa çatacaq.

İqtisadi Əməkdaşlıq Təşkilatı İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.

İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir.

1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də müşahidəçi statusu alıb.

İƏT-in üzv ölkələri bunlardır: Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistan.
XS
SM
MD
LG