Accessibility links

Prezident Əliyev Ermənistanı ittiham edib


Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andjey Kaspşiki qəbul edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı president.az məlumat yayıb.

Prezident Əliyev bildirib ki, Ermənistan rəhbərliyi təxribatlardan əl çəkmir. Keçən ilin oktyabrında prezidentlərin Paris danışıqlarından iki həftə keçməmiş Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlayıb.

“Ermənistan silahlı qüvvələrinə məxsus döyüş helikopterləri Azərbaycanın mövqelərinə hücumlar etmişdir. Azərbaycan tərəfi bir neçə gün buna cavab verməmişdir. Nəhayət, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri həyata keçirən Ermənistan silahlı qüvvələrinin hərbi helikopterləri açıq şəkildə mövqelərimizə atəş açmağa cəhd etdikləri zaman məhv edilmişdir”, o qeyd edib.

Dövlət başçısı deyib ki, bu ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun Azərbaycan ərazisində təxribat törətmək cəhdlərinin də qarşısı alınıb və “işğalçılar xeyli sayda itki verib”.

“Bütün bu təxribatlara görə Ermənistan prezidenti Serj Sarkisyan məsuliyyət daşıyır”, Əliyev vurğulayıb.

İlham Əliyevin fikrincə, Ermənistan hazırda regionda böyük təhlükə mənbəyinə çevrilib.

“Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dinc əhaliyə mütəmadi olaraq atəş açır, hətta toy məclislərində iştirak edən insanlar belə atəşə tutulur və nəticədə mülki əhalimiz arasında itkilər olur. Azərbaycan tərəfi bu cür təxribatlara cavab verdikdə isə bizi günahlandırırlar. Təəssüf ki, beynəlxalq ictimaiyyət və xüsusilə də vasitəçilər Ermənistan tərəfinin bu azğınlaşmış hərəkətlərinə adekvat reaksiya vermir”, o qeyd edib.

Prezident daha sonra deyib:

“Bütün bunlar azmış kimi, bu yaxınlarda diktator Sarkisyan rejimi yeni bir siyasi təxribata əl atıb, Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bildirib. Bu, dözülməz, hətta Ermənistanın rəsmi mövqeyinə belə zidd olan bəyanata da, əfsuslar olsun ki, vasitəçilər tərəfindən heç bir cavab verilməmişdir."

Dövlət başçısı vurğulayıb ki, "bütün bunlar Azərbaycan tərəfində böyük təəssüf hissi doğurur və vasitəçilərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyasına kölgə salır”.

Görüşdə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Ermənistan tərəfi hələ görüşdə səslənən fikrilərə münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG