Accessibility links

Vəkil: İlqar Məmmədov cəzaçəkmə müəssisəsində amansızcasına döyülüb


ReAl Hərəkatının həbsdə olan lideri İlqar Məmmədov oktyabrın 16-da cəza çəkdiyi 2 nömrəli cəzaçəkmə müəssisəsində amansızcasına döyülüb. Bu barədə vəkil Cavad Cavadov bildirib.

Vəkilin ədliyyə naziri Fikrət Məmmədova, baş prokuror Zakir Qaralova və ombudsman Elmira Süleymanovaya şikayətində deyilir ki, Məmmədov saat 15:30 radələrində, vəkil Fuad Ağayevin onunla görüşündən bir müddət sonra döyülüb.

Məmmədov inzibati binaya çağırılıb, cəzaçəkmə müəssisəsinin Şakir adlı müavininin yanına aparılıb.

Adıçəkilən şəxs və Çingiz adlı əməkdaş Məmmədovun başından zərbə endiriblər. Daha sonra onu itələyə-itələyə rəis Eyvaz Əsgərovun otağına aparıblar, burada da hər üçünün iştirakı ilə onu döyməyə davam ediblər. Məmmədovu yerə yıxıb təpikləməyə başlayıblar.

Cəzaçəkmə müəssisəsinin rəisi yenidən Məmmədovu cəzaçəkmə müəssisəsindən sağ-salamat çıxmayacağı ilə hədələyib.

Görüş zamanı vəkil Məmmədovun boynunda və başında xəsarət izləri və qançırlar görüb.

Vəkil öz şikayətində Məmmədovun döyülməsi faktını dərhal araşdırmağı və onun təhlükəsizliyini təmin etməyi xahiş edir.

Müxalifətçiyə təzyiqin səbəbləri arasında ən çox ehtimal olunan versiya onun dövlət başçısının adına əvf ərizəsi yazmaqdan imtina etməsidir. Beynəlxalq ictimaiyyət çoxdandır israrla onun azad edilməsini tələb edir, amma hakimiyyət bu tələblərə məhəl qoymur, Məmmədovun əvf xahişi yazmasına nail olmağa çalışır.

Öz növbəsində, Penitensiar Xidmət İlqar Məmmədovun fiziki təzyiqə məruz qalması ilə bağlı xəbərləri təkzib edir.

"Məlumat həqiqəti əks etdirmir, dezinformasiyadır", deyə Penitünsiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildirblər.

Xatırladaq ki, İlqar Məmmədov 2014-cü ildə 2013-cü ilin yanvarında İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

22 may 2014-cü il tarixində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi onun saxlanılmasının qanunsuz olduğu barədə qərar qəbul edib. Avropa Məhkəməsinin qərarına görə, Azərbaycan hökuməti dərhal Məmmədovu azad etməli və ona 22 min avro təzminat ödəməlidir. Lakin 2014-cü ilin sentyabrında Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Azərbaycan Ali Məhkəməsində kassasiya şikayətinə baxılması 9 aydan çox davam edib. Oktyabrın 13-də Ali Məhkəmə nəhayət şikayəti qismən təmin edib və işi təkrar araşdırma üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarıb.

Amnesty İnternational İlqar Məmmədovu "vicdan məhbusu" kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG