Accessibility links

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə İşçi Qrupu görüşüb


Martın 15-16-da Azərbaycan, Rusiya və İran dəmiryolçuları arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görüləcək işlərlə bağlı İşçi Qruplarının Bakıda üçtərəfli görüşü keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin məlumatına görə, tədirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov, “Rusiya Dəmir Yolları” ASC-nin vitse-prezidenti Salman Babayev, İİR-ın Dəmir Yolunun vitse-prezidenti Hüseyn Aşuri iştirak edib.

Üçtərəfli görüşdə İran-Azərbaycan-Rusiya və əks istiqamətdə yük daşımalarının təşkili, Nəqliyyat-ekspeditor xidmətləri sahəsində əməkdaşlıq, Azərbaycan, İran və Rusiya dəmir yollarına yeni yük axınının cəlb edilməsi, rəqabətədavamlı tariflərin müəyyən edilməsi müzakirə olunub.

İki gün davam edən tədbirin sonunda müvafiq sənədlər imzalanıb.

Azərbaycan örezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində əldə edilib. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında Saziş”ə qoşulub.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını da reallaşdıracaq.

XS
SM
MD
LG