İndoneziyalılar keçən cümə günü zəlzələ və sunami səbəbindən dünyasını dəyişənləri dəfn etməyə başlayıb. Bu, mərkəzi sahilyanı bölgədə dəhşətli sunamiyə səbəb olan 7.5 bal gücündəki zəlzələ 1200-dən çox insanın ölümünə səbəb olub. Hökumət ikisi bir yerdə baş verən təbii fəlakətdən zərər çəkənlərin əsas ehtiyaclarını təmin etməyə başlayıb.
Könüllülər təbii fəlakət zamanı Sulavesi adasında kimliyi müəyyən edilmış cəsədlərin dəfn edilməsinə yardım edir. Dağıntılar altında cəsədlər aşkar edildikcə, ölənlərin sayı artır. İndoneziya Təbii Fəlakətlərin Yüngülləşdirilməsi Agentliyindən Sutopo Purvo Nuqroho: “Bu gün Palunun Paboya qəbiristanlığında kütləvi dəfn həyata keçiriləcək. Bizim siyasət, ədliyyə, təhlükəsizlik nazirləri və hərbi generallar razılıq verdikdən sonra biz bu qəbiristanlıqda min qəbir qazdıq.”
Sahil Palu və Donqala şəhərləri ən çox zərər çəkən şəhərlərdir. Lakin kiçik yaşayış məntəqələrinin vəziyyəti barədə məlumat almaq mümkün olmayıb. Nəhəng sunamı dalğası Palunu ağuşuna alanda şəhərdəki evləri və insanları özü ilə aparıb. Palu sakini Ferdi: “Yer iki yerə bölündü və zəlzələ ətrafı dağıtmağa başladı. Buna görə də bəzi evlər yerlə yeksan oldu.”
Almaniyanın Elmi Araşdırmalar Mərkəzi İndoneziyadakı zəlzələdən beş dəqiqə sonra sunami və 5 metr hündürlükdəki dalğalar barədə xəbərdarlıq etsə də, bu məlumat bölgədəki insanlara vaxtında çatdırılmayıb. Almaniya Elmi Araşdırmalar Mərkəzindən Yeon Loteryonq: “Əsas problem yerli rəsmilərlə əhali arasında əlaqənin olmaması olub. Məsələn, Sulavesi çimərliyindəki insanlarla.”
Evləri dağılan sakinlərdən bəziləri evakuasiya edilsə də, çoxları cümə günündən bəri hələ də bölgədən çıxmaq üçün aeroportda gözləyir. Rəsmilər onları içməli su və ərzaqla təmin etmək üçün əlindən gələni edir. “Biz Cakarta, Balikpapan və Makassardan "Herkules" təyyarəsi ilə mümkün qədər çox ərzaq göndərdik. Biz eləcə də, Paluya yanacaq göndərməyi və orada qalanları evakuasiya etmək üçün təyyarələr göndərməyi planlaşdırırıq” deyə, İndoneziya prezidenti Coko Vidodo bildirir.
Zəlzələ və sunamiyə məruz qalan bəzi ucqar bölgələrlə isə hələ də əlaqə yaratmaq mümkün olmayıb. Ağırlıqqaldıran avadanlıqların çatışmamaması da xilasetmə işlərini ləngidir.