Accessibility links

ABŞ Dövlət Departamenti Azərbaycanı insan alveri üzrə ikinci qrup ölkə hesab edir


İnsan alveri

ABŞ Dövlət Departamenti iyunun 27-də İnsan alveri hesabatını açıqlayıb.

Hesabatda Azərbaycan ikinci qrup ölkələr siyahısına salınıb.

"Azərbaycan hökuməti insan alverinin ləğvindən ötrü minimum standartlara tam əməl etmir, ancaq bu yöndə ciddi addımlar atmaqdadır. Öncəki hesabat müddətiylə müqayisədə hökumət daha artıq səy göstərib deyə, ikinci qrup ölkələr siyahısında qalıb. Hökumət insan alverçilərinin təqibi, məhkum edilməsi, daha çox qurbanın tanınması yönündə cəhdlərini gücləndirib. Hökumət qurbanların mühafizəsinə, dövlət sığınacağına vəsaiti artırıb. Ancaq bir neçə əsas sahədə minimum standartlar təmin edilməyib", hesabatda deyilir.

Sənəddə hökumətin QHT-lərin açdığı sığınacaqlara daimi maliyyə ayırmadığı vurğulanır.

Sənəddə bir sıra tövsiyələr irəli sürülür. İnsan alveri cinayətlərinin hərtərəfli araşdırılması, cinayətkarların cəzalandırılması tövsiyə olunur. Özəlliklə də ölkəiçi insan alveri, məcburi əmək hallarının təhqiq olunması istənilir.

Hökumətə tövsiyə edilir ki,

- QHT-lərin yaratdığı sığınacaqlara gərəkən maliyyə ayırsın;

- Qurbanların təhvil verilmə mexanizminin icrasından ötrü standart əməliyyat prosedurları yaradılsın;

- Təhvilvermə prosesində QHT-lərin və digər oyunçuların rolu rəsmiləşdirilsin;

- QHT-lərin üzə çıxardığı potensial insan alveri qurbanlarıyla bağlı iddia olunan cinayətlər araşdırılsın, qurbanlara gərəkən xidmətlər verilsin;

- Hökumət idarələri arasında qurbanların təhvil verilməsi və potensial hallarla bağlı koordinasiya, kommunikasiya yaxşılaşdırılsın və sairə.

Hesabatda Azərbaycan hökumətinin ötən il 26 şübhəli insan alveri halını araşdırdığı vurğulanır. 2015-ci ildə 29 belə hal təhqiq olunmuşdu. 26 işdən 22-si cinsi istismar, 4-ü əməyin istismarıyla bağlı olub. Ötən il 35 təqsirləndirilən mühakimə olunub, 2015-ci ildə onların sayı 32 idi. 28 cinsi istismar məqsədi ilə insan alverçisi məhkum edilib. 2015-ci ildə onların sayı 18 idi, daha 5 məcburi əmək istismarçısı məhkum edilmişdi.

Hesabatda Azərbaycan hökumətinin xarici hökumətlərlə əməkdaşlıq etdiyi də bildirilir. Özbəkistan, Gürcüstanla konkret əməkdaşlıq hallarından söz açılır.

Hökumətin qurbanların müdafiəsini gücləndirdiyi vurğulanır. Ötən il 70 insan alveri qurbanı müəyyənləşdirilib. Bir il öncə onların sayı 63 idi. Qurbanların 69-u qadın, biri kişi olub. Qadınların hamısı cinsi istismar, kişi isə məcburi əməyin qurbanına çevrilib. Hökumət hər hansı uşaq qurbanın olub-olmadığını açıqlamayıb.

İnsan alveriylə mübarizə departamenti bir qurbanın qorunmasına 154 manat xərcləyib ki, bir il öncə bu rəqəm 109 manat idi. Qurbanlara birdəfəlik 400 manat müavinət də verilib. Hökumətin sığınacağında qalan hər bir qurbana ayda 900 manat xərclənib.

Daxili İşlər Nazirliyi qurbanları dəstəkləyən mülki cəmiyyət fəallarına 15 min manat ayırıb. Qurbanlara Yardım Mərkəzinə 48 min manat verilib. 2015-ci ildə bu məbləğ 44 min manat idi.

Azərbaycan son 5 ildə məcburi əmək və cinsi istismara məruz qalan kişilər, qadınlar və uşaqlar üçün mənbə, tranzit və idxal ölkəsi rolunu oynayıb. Azərbaycan kişilər və oğlanlar Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində, həm də öz ölkələrində məcburi əməyə məruz qalırlar. Qadınlar və uşaqlarsa ölkə içində, həmçinin Malaziya, Türkiyə, Rusiya və BƏƏ-də cinsi istismar obyektinə çevrilirlər.

Hesabatda insan alverçilərinin qurbanların yığılmasında internetdən istifadə etdiyi vurğulanır. Azərbaycanın Ukrayna, öncəki illərsə Çin, Rusiya, Türkiyə, Türkmənistan və Özbəkistandan qurbanlardan ötrü idxal ölkəsinə çevrildiyi qeyd olunur.

Ölkədə özəlliklə rum mənşəli (qaraçı) uşaqların dilənçiliyə məcbur edildiyi vurğulanır. Filippinli qadınlarsa evlərdə işlədilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG