Accessibility links

Müsəlman Birliyi Hərəkatının üzvünün həbs olunduğu deyilir


Bununla bağlı rəsmi açıqlama almaq mümkün olmayıb

Müsəlman Birliyi Hərəkatının üzvü Emin Əliyevin yaxınlarının AzadlıqRadiosuna verdiyi məlumata görə, o həbs olunub. Onların sözlərinə əsasən, Emin Əliyev noyabrın 26-da Nardaranda saxlanılıb. Həmin gün o, 26 noyabr 2015-ci ildə polis əməliyyatı zamanı öldürülən dörd nəfər yerli sakinin məzarını ziyarət etməyə gedib.

"Emin Əliyevi məzarların yaxınlığında qurulmuş postda saxlayıblar. Oradan onu Sabunçu rayonu, 42-ci polis bölməsinə aparıblar", dindar fəalın ailə üzvləri bildirib.

Daha sonra Emin Əliyev haqqında inzibati xəta protokolu tərtib olunub. O, ictimai asayişi pozma və onu intizama dəvət edən polis əməkdaşlarına tabe olmamaqda günahlandırılaraq, noyabrın 27-də məhkəmə qarşısına çıxarılıb. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə fəala 30 sutka inzibati həbs cəzası verilib. Onun hazırda Binəqədidə inzibati qaydada həbs olunanlar üçün nəzərdə tutulmuş təcridxanada saxlandığı bildirilir.

Dindarın həbsi ilə bağlı hələ rəsmi məlumat almaq mümkün olmayıb.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və hərəkatın onlarla üzvü həbsdədir. Onların əksəriyyəti barəsində cinayət işi başlanıb, uzunmüddətli həbsə məhkum ediliblər. Bəzilərinə isə polisin tələbinə tabe olmamaq ittihamı ilə sutkalıq inzibati həbs cəzaları verilib.

XS
SM
MD
LG