Accessibility links

Mehman Əliyev: "Dəyişikliklərə nail olmaq lazımdır"


"Siyasi Məhbuslarsız Azərbaycan" Alyansı və "Mehman Əliyevin Azadlığı uğrunda Mübarizə Komitəsi" sentyabrın 14-də Müsavat Partiyasının ofisində toplantı keçirib.

Komitənin sədri Əvəz Zeynallı M.Əliyevin azadlığa çıxmasında komitənin rolundan danışıb və M.Əliyev azadlığa çıxdığı üçün qurumun buraxıldığını elan edib. Həm də siyasi məhbus məsələsilə operativ olaraq yaradılacaq İşçi Qrupun məşğul olacağı deyilib.

M.Əliyev çıxış edərək, həbsi barədə danışıb və bildirib ki, həbsi sırf peşə fəaliyyəti, müstəqil media rəhbəri olması ilə bağlıdır.

"Amma beynəlxalq reaksiya, daxildəki narazılıq, ictimaiyyətin etirazı, hakimiyyət daxilində həbsimə münasibətin birmənalı olmaması həbsin uzunmüddətli olmasına imkan vermədi", o qeyd edib.

M.Əliyev hesab edir ki, narazılıq və etiraz təkcə onun həbsilə bağlı deyildi, həm də bütünlükdə cəmiyyətin əhval-ruhiyyəsini ifadə edirdi.

Onun fikrincə, xalq artıq hakimiyyətdən islahatlar gözləyir və indi dayanmaq olmaz, islahatlara və cəmiyyətdə dəyişikliklərə nail olmaq lazımdır.

Müsavat Partiyasının başqanı Arif Hacılı M.Əliyevin həbsdən azad olunmasını ciddi və müsbət hadisə adlandırıb, bu məsələdə Müdafiə Komitəsinin xüsusi rolu olduğunu söyləyib.

A.Hacılı buna qədər həbs edilən bloger Mehman Hüseynovun, jurnalist Əfqan Muxtarlının, AXCP sədrinin müavini Gözəl Bayramlının həbsdən azad olunmamasına səbəblərdən biri kimi bu şəxslərin müdafiə komitələrinin sistemli fəaliyyət aparmamasını göstərib.

"Amma M.Əliyevin azad olunması işin başlanğıcıdır, indi mübarizə "Turan"a və M.Əliyevə qarşı qaldırılan cinayət işinin ləğv olunması uğrunda getməlidir", A.Hacılı bildirib.

Keçmiş daxili işlər naziri İsgəndər Həmidova görə, M.Əliyevin həbsdən azad olunması Qərbdən Azərbaycan xalqına bu hakimiyyətdən bezməsi mesajıdır və ilk növbədə seçki qanunları dəyişdirilməli, demokratikləşməli və demokratik seçki keçirməyə imkan verməsi çərçivəsinə salınmalıdır.

Strateji Milli Düşüncə Mərkəzinin (SMDM) rəhbəri İsa Qəmbər M.Əliyevin həbsini də, azad olunmasını da çoxsəbəbli məsələ kimi dəyərləndirib və hesab edir ki, "Turan"a basqılar dayanana, "Turan" fəaliyyətini bərpa edənə kimi Müdafiə Komitəsi fəaliyyətini davam etdirməlidir.

"Amma ölkədə siyasi məhbus olmaması, əsassız həbslərin baş verməməsi üçün isə seçki yolu ilə hakimiyyət dəyişikliyi baş verməlidir və bunun uğrunda birgə mübarizə aparmalıyıq", İ.Qəmbər hədəfi belə göstərib.

Digər natiqlər də ölkədə siyasi məhbus problemini, bu kateqoriya şəxslərin həbslərinin heç bir əsası olmadığını vurğulayıb.

Sonda çıxış edən M.Əliyev deyib: "Hamı bu mübarizə ilə dönüş yaratmaq istəyirdi, istək var idi, indi isə bu istək davam etdirilməlidir, mübarizə davam etməlidir. Bu işi birgə davam etdirsək çox şeyi müsbətə doğru dəyişmək olar", M.Əliyev bildirib.

Xatırladaq ki, Yasamal Rayon Məhkəməsinin 25 avqust qərarı əsasında vergidən yayınma ittihamı ilə bağlı M.Əliyev barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq təşkilatlar və yerli ictimaiyyət buna etiraz ifadə edib. ABŞ Senatında M.Əliyevin həbsində əli olan məmurlara sanksiya tətbiqi gündəmə gətirilib. Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsi M.Əliyev barəsində həbs qətimkan tədbirini dəyişdirib və o, sərbəst buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG