Accessibility links

Leyla Yunus: İşin kül yığışdırmaqdırsa... öz uşaqlarının külünü də təmizləməyəcəksən!


Leyla Yunus
Leyla Yunus

Hüquq müdafiəçisi müraciət edib. Ölkədə insan hüquqları günü qeyd edilir

Azərbaycanda 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü qeyd edilir. İnsan Hüquqları Günü münasibəti ilə Ombudsman Aparatı tədbir keçirib, yerli hüquq müdafiə təşkilatları hesabatlar təqdim edib. Tanınmış hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə ictimiyəətə müraciət edib.
Onun müraciəti tənqidi notlar üzərində qurulub.

Sənəddə deyilir:

“Azərbaycanda bu gün İnsan Hüquqları Gününün qeyd olunması yəhudilərin 1943-cü ildə həbs düşərgəsində Pasxa bayramını qeyd etməsinə bənzəyir.

Əlbəttə, ürək ağrısı ilə qeyd edirik. Çünki bu gün Azərbaycanda 140 nəfərdən artıq siyasi məhbus və vicdan məhbusu həbsxanada həyatını və sağlamlığını itirir.

Oktyabrın 9-da hakimiyyətin növbəti dəfə qəsb edilməsindən sonra bütün ölkə boyu saxta ittihamlarla həbs olunan şəxslərin işi üzrə məhkəmə prosesləri başlayıb. REAL Hərəkatının sədri Ilqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu, eləcə də İsmayıllı hadisələri üzrə həbs olunmuş digər şəxslərin Gəncədəki istintaq təcridxanasından saxlanaraq, hər dəfə Şəkidə (Gəncədən Şəkiyə məsafə 200 kilometrdir) keçirilən məhkəmə prosesinə aparılıb-qaytarılması bu adamlar üçün aylarla davam edən işgəncəyə çevrilib.

Lənkəranda Müsavat funksioneri Yadigar Sadıqovun məhkəməsi isə cənub bölgəsində yaşayanlara dərs vermək məqsədi daşıyır. Yəni, hətta ən ziyalı müəllim də xuliqan kimi qələmə verilib həbsxanaya göndərilə bilər!

Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda məhkəməsi gedən 8 gənc fəala isə bunu demək istəyirlər: əgər sifarişçi istəsə, 8 yox, lap 8000 nəfər də narkoman-terrorçu tuta bilərik və heç bir Amerika, Avropa sizə kömək eləyə bilməz!

Seçkidən keçən iki ay ərzində avtoritar Əliyev rejiminə qarşı çıxmaq cəsarətində bulunan dörd nəfərə artıq hökm oxunub:

tanınmış hüquqşünas, hüquq müdafiəçisi Qurban Məmmədov (3 il həbs), ilahiyyatçı Tale Bağırzadə (2 il), jurnalist Sərdar Əlibəyli (4 il), bloger Rəşad Ramazanov (8 il).

Sözün düzünü dilə gətirənlər həmişə diktatorları, işğalçıları qorxudub. Bizim Vətənimiz də məhz işğal olunub - bir qismi erməni işğalçıları tərəfindən, qalanı da avtoritar rejim tərəfindən.

Vətəndaşlar ümid edir ki, susqunluq və itaət göstərməklə hakimiyyətə qarşı çıxanların dəhşətli aqibətini yaşamaqdan sığortalanacaqlar. Bir çox həmvətənlərimiz düşünür ki, əsas məsələ ailəni dolandırmaq, uşaqların gələcəyini təmin etməkdir. Ona görə də susmaq lazımdır.

Elə həmin adamların günlərin birində gəlib evlərini sökəndə onlar təəccüblənirlər və bu zaman onlar nə ailələrini, nə də evlərini qoruya bilmirlər. Anlamaq lazımdır ki, bu gün susursansa, sabah növbə sənə də çata bilər!

Əziz həmvətənlər, əgər bu gün sənin özünü qaz kamerasına və ya sobaya doğru itələmirlərsə və sənin işin külü yığışdırmaqdırsa, bu hələ o demək deyil ki, sabah sən öz uşaqlarının və ya valideynlərinin külünü oradan təmizləməyəcəksən!

Əziz azərbaycanlılar, Insan Hüquqları Gününüz Mübarək!", tanınmış hüquq müdaqfiəçisi müraciətində qeyd edir.

AzərTAc agentliyinin məlumatına görə, bu gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə "İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir" mövzusunda konfrans da keçirilib.

Ombudsman Elmira Süleymanova Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunması istiqamətində çox mühüm addımlar atıldığını bildirib.

“Bu istiqamətdə görülən işlər Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu daha da artırır”, ombudsman qeyd edib.

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, Beynəlxalq İnsan Hüquqları Bəyannaməsi insan haqları sahəsində bir sıra beynəlxalq sənədlərin hüquqi bazasını təşkil edib.

Forumda İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və insan hüquqlarının perspektivləri" mövzusunda məruzə edib.

Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın polis sistemində aparılan islahatlar, insan hüquqlarının təmin olunmasında ədliyyə orqanlarının rolu, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq, insan hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin fəaliyyətindən bəhs edilib.

Xatırladaq ki, yerli hüquq müdafiəçilərinin məlumatına görə hazırda ölkədə 140 siyasi məhbus var. 18 nəfər Amnesty İnernational tərəfindən vicdan məhbusu kimi tanınıb. Müxtəlif ittihamlarla 9 jurnalist, 3 bloger həbsdədir.
XS
SM
MD
LG