Accessibility links

Azərbaycanda insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb


Noyabrın 10-da Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) təşkilatıçılığı ilə Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının Azərbaycan tərəfindən yerinə yetirilməsi ilə bağlı tədbir keçirilib.

Virtualaz.org saytının məlumatına görə, tədbirdə insan alverinə qarşı mübarizə üzrə səlahiyyətli 21 dövlət qurumundan 36 və vətəndaş cəmiyyətindən 4 nümayəndə iştirak edib.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayev bildirib ki, Avropa Şurası Azərbaycanın insan alveri ilə mübarizəsini yüksək qiymətləndirib. Azərbaycan 10 ildən artıqdır ki, insan alverinə qarşı mübarizə üzrə tədbirlər həyata keçirir. Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının Tərəflər Komitəsi Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İşçi Qrupunun və ixtisaslaşmış polis qurumunun təsis edilməsini, insan alveri qurbanlarının Milli İstiqamətləndirmə Mexanizminin, onların müəyyən olunması üçün indikatorların qəbul olunması və təkmilləşdirilməsi, insan alverinin qarşısının alınması üzrə maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib.

Konvensiyanın icra edilməsi üzrə monitorinq qurumu olan GRETA (Avropa Şurasının Tərəflər Komitəsi və İnsan Alverinə qarşı Mübarizə üzrə Ekspert Qrupu) konvensiyanın Azərbaycan tərəfindən yerinə yetirilməsinin 2012-2014-cü illərdə ilkin qiymətləndirilməsini aparıb, 2014-cü ildə GRETA-nın təklif və tövsiyələri qəbul olunub.

Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə Missiyasının rəhbəri İta Mirianaşvili deyib ki, Avropa Şurası Azərbaycan hökumətinə öz dəstəyini verir.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov isə jurnalistlərə açıqlamasında bu ilin 10 ayında insan alveri ilə bağlı qeydə alınan cinayətlərin statistikasını açıqlayıb.

İ.Qurbanovun sözlərinə görə, 10 ayda insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb. Məcburi əməyə cəlbetmə ilə bağlı 7, insan alveri məqsədilə sənədlərin qanunsuz hazırlanması ilə bağlı 11 fakt aşkarlanıb. Cinayətlərlə bağlı 26 nəfər məsuliyyətə cəlb edilib.

İl ərzində 58 nəfərin insan alverinin qurbanı olduğu müəyyənləşdirilib.

XS
SM
MD
LG