Accessibility links

Hacı Hacıyev: İnternetdə insanların münasibəti cəmiyyətdə olduğu kimidir [Audio]


İnternet
İnternet

Bloger internetdə dini dözümlülük, müxtəlif baxışlı insanların bir-birinə münasibətindən danışıb. Əsas müzakirələr dindarlara sekulyaristlər arasında gedir

Bloger Hacı Hacıyev Amerikanın Səsi radiosuna müsahibəsində internetdə istifadəçilərin bir-birinə qarşı dözümlülüyü, müzakirə edilən məsələlərin müxtəlifliyi, dini dözümlülükdən danışıb.

“İnternetdə müxtəlif ideologiyalara, siyasi baxışlara malik insanların bir-birinə münasibəti cəmiyyətdə olduğu kimidir. Amma, dini dözümlülük məsələsinə gəlincə, burada vəziyyət daha gərgindir. Çünki onların daha çox emosional olması açıq müzakirələrdə bir az problem yaradır”, - deyə H.Hacıyev qeyd edib.

Ekspertin sözlərinə görə, hətta islamın müxtəlif qollarına malik insanların sosial şəbəkələrdə mübahisələri heç də ateistlərlə mübahisəsindən fərqlənmir.

“Məsələn, youtube-da şiələrlə sünnilər arasında müxtəlif dini kitablarla, baxışlarla bağlı kəskin tənqid və müzakirələr olan emosional çıxışlar var”.

İnternetdə müxtəlif dinlərin daşıyıcısı olan azərbaycanlılar arasında müzakirələr baş vermir.
“Əsasən sekulyaristlərlə (dünyəvilər-müəllif) islama yaxın olanlar, ibadət edənlər arasında mübahisələr gedir. Hələ ki, bu mübahisələrdə islama yaxın olanlar üstünlük təşkil edir. Çünki onların sayı çoxdur”.

H.Hacıyev azərbaycanlılar arasındakı müzakirələrdə irqçilik məsələsinin gündəmdə olmadığını bildirib.

“Gündəmi əsasən millətçilik mübahisələri tutur. Türkçülük, millətçilik, “Boz Qurd” mövzularında yazan insanlar var. Bu qisim insanlar müəyyən məsələlərdə islamçıların mövqeyində durur. Amma mübahisə halları da baş verir. Millətçilər bir çox hallarda sekulyaristlərlə də yaxın mövqedən çıxış edir”.

Ekspert dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların internet müzakirələrindən danışarkən deyib ki, “maraqlı olsa da, İrandan olan internet müzakirəçisi azərbaycanlıların əksəriyyətinin baxışları sekulyaristdir”.

“Sosial şəbəkələrdə müzakirə aparan azərbaycanlılar bu və ya digər səbəbdən İranı tərk etmiş insanlardır. İranda isə qadağalar olduğuna görə, burada yaşayan insanların internetdə və ya sosial şəbəkələrdə müzakirələrdə iştirakı çox azdır. Ölkədən kənarda yaşayanların isə əksəriyyətinin baxışları millətçilik və ya türkçülükdür. Onlar irançılığın əleyhinə və Cənubi Azərbaycanın istiqlalı, türklərin birliyi barədə statuslar yazır. Dini dövlətdə yaşadıqlarından buna qarşı çıxış edirlər. Dini rəhbərləri kəskin tənqid edir, onları ifşa edən karikaturalar yayırlar.

Gürcüstanda və MDB-də yaşayan azərbaycanlılar daha çox millətçilik və azərbaycançılıq mövzularına müraciət edirlər. Avropada və azad dünya ölkələrində yaşayanlar isə daha çox dünyəvi mövzuları müzakirə edir”, o qeyd edib.
XS
SM
MD
LG