Accessibility links

Hacı Məmmədovun intihar etdiyi bildirilir


Hacı Məmmədov
Hacı Məmmədov

Azərbaycan Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. Bu barədə APA agentliyi məlumat yayıb.

Bakının Xəzər rayon Prokurorluğundan APA agentliyinə verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində baş verib.

Müəssisədə müalicə alan Hacı Məmmədov özünü asaraq intihar edib və onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisə yerində Xəzər rayon Prokurorluğunun əməkdaşları işləyir.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Hacı Məmmədov və daha 26 nəfər 2005-ci il martın 9-dan 10-na keçən gecə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs edilib. Belə ki, H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurladıqdan sonra Milli Təhlükəsizlik Nazirliyi onun başçılıq etdiyi dəstənin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib

H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla dəstənin digər 7 üzvü ilə bərabər ömürlük həbs cəzası çıxarılıb. O, uzun müddət keçmiş Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılıb. 2016-cı ildə isə Qobustan qapalı həbsxanasına köçürülmüşdü.

XS
SM
MD
LG