Accessibility links

İlham Əliyev: Azərbaycan dünyada nümunəvi ölkədir


İlham Əliyev
İlham Əliyev

“Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir. Sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”. Bu barədə prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bildirib.

Prezidentin çıxışı əsasən iqtisadiyyat və kənd təssərüfatı sahələrini əhatə edib.

“Son 14 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Bildirməliyəm ki, 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası tikilmişdir. Ancaq onların generasiya gücü böyük idi, onların potensialı 3900 meqavatdır. Biz 14 il ərzində generasiya gücümüzün 2500 meqavat artırılmasına nail olduq. Bu il bu rəqəm 2900 meqavata çatacaq”.

Onun sözlərinə görə, Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir.

“Eyni zamanda, elektrik enerjisini ixrac etməyə başlamışıq. Bu məqsədlə əlbəttə ki, həm ölkə ərazisində, həm də üç qonşu ölkə - Rusiya, İran və Gürcüstan ilə elektrik xətlərimizi birləşdirmişik. Eyni zamanda, Gürcüstan vasitəsilə Türkiyəyə də elektrik enerjisinin ixracı üçün yaxşı imkanlar mövcuddur”.

Onun sözlərinə görə, 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz olub.

“Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib”.

Prezident deyib ki, 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz olub.

“Hazırda bu, 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Ona görə bu sahəyə bu il və gələcək illərdə böyük sərmayə qoyuluşu nəzərdə tutulur ki, biz bu məsələni də həll edək”.

İlham Əliyev
İlham Əliyev

Əliyevin sözlərinə görə, son 14 il ərzində dörd su anbarı tikilib.“Bunlar Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarlarıdır. Onların arasında əlbəttə ki, Taxtakörpü və Şəmkirçay su anbarları böyüklüyünə və kənd təsərrüfatına təsirinə görə xüsusi yer tutur”.

2017-ci ildə 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkilib. “

Bu il də hədəf 100 min hektardır”.

O bildirib ki, dövlət proqramının mhəyata keçirildiyi son 14 il ərzində 12 min 300 kilometr avtomobil yolu çəkilib.

“Bu il bu rəqəm təqribən 15 min kilometrə çatacaq. Son 14 il ərzində 443 körpü tikilib”.

Prezident deyib ki, iqtisadiyyat 14 il ərzində 3,2 dəfə artıb.

“Bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artmışdır”.

Onun sözlərinə görə, 2004-cü ildə ölkənin valyuta ehtiyatları 1,8 milyard dollar olub.

“Bu gün isə bizim valyuta ehtiyatlarımız 42 milyard dollara bərabərdir”.

On dörd il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub.

“Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır. 2017-ci ildə ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub, bu il ən azı ona bərabər həcmdə sərmayə yatırılacaq”, Əliyev qeyd edib.

Onun sözlərinə görə, On dörd il ərzində əhali 1,5 milyon nəfər artıb.

“Biz 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaratmışıq ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Ancaq əhali 1,5 milyon nəfər artıb”.

Dövlət başçısı bildirib ki, Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir.

“Biz birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idi, indi isə 5,4 faizdir”.

O bildirib ki, ölkədə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud təmir edilib, 43 Olimpiya İdman Kompleksi inşa olunub.

14 ildə sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilmişdir.

İlham Əliyev
İlham Əliyev

Dövlət başçısı rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin vacibliyini deyib.

“ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş etdi. Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilmişdir və “ASAN xidmət” mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır. Rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə, o cümlədən sistem xarakterli tədbirlər sahəsində aparılır. Deyə bilərəm ki, institusional tədbirlər ən səmərəli tədbirlərdir. Əlbəttə ki, cəza tədbirləri də tətbiq olunub, olunur, onların da əhəmiyyəti var. Ancaq institusional tədbirlər, rüşvətxorluq, korrupsiya üçün, necə deyərlər, meydançanın daralması istiqamətində atılan addımlar ən səmərəli addımlardır”.

O son illər yeddi aeroport tikildiyini deyib.

“Onlardan altısı beynəlxalq aeroportdur. Birinci proqram qəbul olunana qədər bizim bir beynəlxalq aeroportumuz var idi – Bakı aeroportu. Digər aeroportlar yerli əhəmiyyətli aeroportlar idi. Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala - altı beynəlxalq aeroport, bir də Yevlax aeroportu yenidən quruldu”.

Prezident ölkənin transit imkanlarının genişləndirildiyini, Ələt Dəniz Limanın, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi barədə məlumat verib.

“Biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı öz ərazimizdə olan bütün məsələləri qısa müddət ərzində həll etdik”.

Onun fikrincə, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi iqtisadiyyata böyük valyuta axınını təmin edir.

“Əgər bu layihələr olmasaydı, Bakı-Tbilisi-Qars da olmazdı. Əgər bu, olmasaydı, “Şahdəniz-2” də olmazdı. Cənub Qaz Dəhlizi – dəyəri 40 milyard dollardan çox olan layihə də olmazdı. Onda bizim həyatımız necə olacaqdı?”

Prezident kənd təsərrüfatı məhsullarının ixracının artdığını bildirib.

“Deməli, qida məhsulları üzrə ixracla bağlı birinci yerdə pomidor dayanır – 2016-cı ildə 94 milyon dollar, 2017-ci ildə 151 milyon dollar. Fındıq - 2016-cı ildə 105 milyon dollar, 2017-ci ildə 114 milyon dollar. Xurma - 2016-cı ildə 69 milyon dollar, 2017-ci ildə 91 milyon dollar. Alma - 2016-cı ildə 23 milyon dollar, 2017-ci ildə 31 milyon dollar. Kartof - 2016-cı ildə 16 milyon dollar, 2017-ci ildə 26 milyon dollar. Albalı və gilas eyni səviyyədədir – 23 milyon dollar. Soğan 2016-cı ildə ixrac demək olar ki, olmayıb, 2017-ci ildə 15 milyon dollar. Bitki yağları - 2016-cı ildə 10 milyon dollar, 2017-ci ildə 14,5 milyon dollar. Yəni, bu rəqəmlər onu göstərir ki, ixracda müsbət dinamika və meyillər var. Sadaladığım layihələr icra olunduqda bu dinamika daha da sürətlə gedəcək”.

Onun fikrincə, qeyri-qida məhsulları üzrə ixracda birinci yerdə qızıldır.

“2016-cı ildə 76 milyon dollarlıq, 2017-ci ildə 140 milyon dollarlıq qızıl satılıb. Alüminium - 2016-cı ildə 98 milyon dollar, 2017-ci ildə 117 milyon dollar. Polad borular - 2016-cı ildə 43 milyon dollar, 2017-ci ildə 39 milyon dollar – bax, yeganə pozisiyadır ki, burada bir qədər azalma var. Pambıq mahlıcı - 2016-cı ildə 6 milyon dollar, 2017-ci ildə 33 milyon dollar. Pambıq iplik - 2016-cı ildə 18 milyon dollar, 2017-ci ildə bir qədər azdır - 16 milyon dollar. Tütün - 2016-cı ildə 8 milyon dollar, 2017-ci ildə 14 milyon dollar. Sement-klinkeri - 2016-cı ildə 8 milyon dollar, 2017-ci ildə 12 milyon dollar. Armatur - 2016-cı ildə 2 milyon dollar, 2017-ci ildə 10 milyon dollar. Yəni, qida və qeyri-qida məhsulları üzrə müsbət dinamika mövcuddur”.

Prezident idxaldan danışarkən deyib ki, keçən il buğdanın alınması üçün xaricə 227 milyon dollar valyuta gedib.

“İndi buğdanın böyük hissəsi Azərbaycanda istehsal olunacaq. Kərə yağı - 50 milyon dollar. Yeni süd zavodlarının tikintisi və mövcud süd zavodlarında kərə yağı xətlərinin yaradılması mütləq təmin edilməlidir. İndi sahibkarlara kreditlər veriləndə də bu məsələ nəzərə alınsın. Mineral və qazlı sular - xaricə 48 milyon dollar gedir. Baxmayaraq ki, bizdə bu qədər gözəl bulaqlar, yeraltı sular var, istehsal edirik, ancaq çatmır. Nə etmək lazımdır? Mövcud su müəssisələrinin gücünü artırmaq lazımdır. Yenə də dövlət öz dəstəyini göstərsin, sahibkarlar da fəal olsunlar, Azərbaycanın daxilində 48 milyon dollarlıq bazar var. Əgər biz bunu istehsal etsək, əlbəttə ki, xaricdən az gələcək. Düyü - 36 milyon dollar xaricə gedir. İndi çəltikçiliyin inkişafı sürətlə gedir, hesab edirəm ki, biz bu rəqəmi azaldacağıq.

Maraqlı bir məsələ kartofla bağlıdır - 26 milyon dollar dəyərində satmışıq, 40 milyon dollar dəyərində almışıq. İndi kartofun istehsalı elə olmalıdır ki, ümumiyyətlə, idxaldan söhbət getməsin. Ancaq daxili tələbatı ödəməliyik və ixrac etməliyik. Bu məsələ ilə bağlı çox ciddi təhlil aparılmalıdır.

Soya və ondan alınan məhsullar - 38 milyon dollar xaricə gedir. İndi soya əkini başlayır. Mənə verilən məlumata görə, bəzi yerlərdə məhsuldarlıq o qədər də yaxşı deyil. Əlbəttə, birinci, ikinci ildən sonra təhlil aparmaq bir qədər çətindir. Ancaq hesab edirəm ki, bu sahədə də yerli istehsal üçün yaxşı potensial var.

Qeyri-qida məhsulları üzrə. Dərman vasitələri - 211 milyon dollar dəyərində. Düzdür, biz onun hamısını Azərbaycanda istehsal edə bilmərik. Ancaq indi bir neçə dərman zavodu tikilir və idxaldan asılılıq müəyyən dərəcədə azalacaq.

Siqaret - 160 milyon dollar xaricə gedir. Həm insanlar zəhərlənir, həm də pul gedir. Ona görə bu məsələyə çox ciddi baxmaq lazımdır. Əminəm ki, indi qəbul edilmiş qanun siqaret çəkənlər üçün, əlbəttə, yeni bir tövsiyə olacaq ki, camaat bu pis vərdişdən əl çəksin. Bilirsiniz, bu, xəstəlikdir, bədbəxtlikdir, çox pis vərdişdir. Bunun insan orqanizminə heç bir xeyri yoxdur, ziyandan başqa. Xaricə 160 milyon dollar gedir. İndi biz siqaret fabriki tikirik ki, xaricdən asılılıq azalsın. Ancaq xaricdən asılılığın azalmasında ən yaxşı hal o olar ki, Azərbaycanda siqareti az çəksinlər.

Trikotaj məhsulları - xaricə təxminən 100 milyon dollar gedir. Bizim fabriklərimiz, xammalımız var. Ona görə biz bu boşluğu doldurmalıyıq.

Sabun-yuyucu vasitələr - 100 milyon dollarlıq idxal olunub. Yuyucu vasitələrin də, sabunun da istehsalı Azərbaycanda təşkil olunmalıdır. Bu, o qədər çətin məsələ deyil. Ona görə bu məsələyə mütləq baxmaq lazımdır.

Şüşə və ondan hazırlanan məhsullar - təxminən 80 milyon dollar xaricə gedir. Bu məsələ öz həllini tapacaq. Sumqayıt Kimya Sənaye Parkında müasir şüşə zavodu tikilir. Burada inşaatda istifadə olunan ən gözəl, müasir şüşələr istehsal ediləcək, xaricə ehtiyac olmayacaq. Bizim şüşə qablar zavodumuz da var. İndi orada yeni xətlər qurulacaq ki, özümüzü həm məişətdə, həm də tikintidə istifadə olunan şüşə ilə təmin edək.

Gübrələr - 55 milyon dollar həcmində. Karbamid zavodu işə düşəndən sonra bu məsələnin də həlli nəzərdə tutulur. Yəni, ancaq sadaladığım bu pozisiyalar üzrə təqribən bir milyarddan çox dollar xaricə gedir ki, getməyə bilər, getməməlidir və getməyəcək. Ona görə qeyd etdiyim bu məsələlər həm dövlət orqanları, həm özəl sektor tərəfindən icra edilməlidir. Bu il biz bunun icrası ilə bağlı fəal işləməliyik və beləliklə, idxal azalacaq, ixrac isə artacaq”, Əliyev qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG