Accessibility links

Vüqar Bayramov: “Rusiya bazarında Azərbaycan məhsulları bahalaşıb”


Rusiya bazarında Azərbaycan məhsulu
Rusiya bazarında Azərbaycan məhsulu

Rusiya rublu yenidən ucuzlşamağa başlayıb.

İqtisad elmləri doktoru Vüqar Bayramov rublun ucuzlaşmasının bu ölkədə Azərbaycan məhsullarının bahalaşmasına səbəb olduğunu bildirir.

Bu ilin fevralında 1 dollar almaq üçün 55 rubl ödəmək lazım idisə artıq 69 rubldan artıq vəsait tələb olunur.

“Rusiya pulu “1 dollar 70 rubl” psixoloji həddinə yaxınlaşmaqdadır. Son 1 ayda rubl 11 faizə yaxın dəyər itirib. Enerji məhsullarının qiymətinin yüksək və eləcə də Rusiya xarici ticarət göstəricilərinin pozitiv olmasına baxmayaraq rəsmi Moskva milli valyutasını dəyərsizləşməkdən qoruya bilmir”.

Belə ki, 2017-ci ildə Rusiyanın ixracatı 353 milyard dollar, idxalı isə 238 milyard dollar olub.

Vüqar Bayramov
Vüqar Bayramov

“Bu isə o deməkdir ki, ötən il Rusiya xarici ticarətdə 115 milyard dollar müsbət saldo olub. Enerji məhsullarının Rusiyanın ümumi ixracatında payı isə 60 faizdir. Tədiyyə balansında da Rusiyanın vəziyyəti pis hesab edilmir”, ekspert qeyd edir.

Amma, bununla yanaşı ABŞ sanksiyaları fonunda rubl dəyər itirməkdədir.

“Güman olunur ki, Vaşinqton sanksiyaları sərtləşdirərsə o zaman rublu yeni dalğalanmalardan qorumaq mümkün olmayacaq”, Bayramlı deyir.

Rublun ucuzlaşması Rusiyaya ixrac edilən Azərbaycan məhsullarının bahalaşmasına səbəb olub.

“Əgər 1 ay öncə 100 manatlıq Azərbaycan məhsulunun Rusiyada qiyməti 3676 rubl idisə indi bu rəqəm 4084 rubladək dəyişib. Bu isə o deməkdir ki, şimal qonşumuzun milli valyutası ifadəsində hər 100 manatlıq məhsulumuz son 1 ayda Rusiya bazarında 408 rubl bahalaşıb. Rubl dəyərsizləşməkdə davam edərsə qeyri-neft məhsullarımızın Rusiya bazarında rəqabət imkanları azalacaq. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını aldığını nəzərə alsaq rublun ucuzlaşmasının ixracatımıza təsirlərini müəyyənləşdirmək çətin olmaz”, ekspert qeyd edir.

XS
SM
MD
LG