Accessibility links

İqtisadçı: ‘Dollarlaşma səviyyəsi kifayət qədər yüksəkdi...’


Bu həftə, dekabrın 13-də iki günlük müzakirədən sonra ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini artırdı. Uçot dərəcəsinin 0,25 -1,25 faiz səviyyəsindən 1,50 faizədək artırıldığı açıqlandı.

Ancaq Azərbaycan Mərkəzi Bankından bildirdilər ki, bu manata birbaşa təsir etməyəcək:

“Bütövlükdə manatın məzənnəsinin kəskin dəyişməsinin fundamental iqtisadi əsası yoxdur. Hazırda, ölkədə həyata keçirilən məzənnə rejiminə uyğun olaraq, manatın ABŞ dollarına nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı neft transferlərinin məbləğindən asılıdır. Bunlar da bu gün tarazlaşdırıcı nisbətdə olduqları üçün manatın ABŞ dollarına nisbətən məzənnəsi sabit dinamikadadır", – deyə bankdan bildiriblər.

Vüqar Bayramov
Vüqar Bayramov

“Kommersiya banklarında cüzi olsa da...”

İqtisadçı Vüqar Bayramov isə AzadliqRadiosu-na deyib ki, FED-in qərarının birbaşa təsir etməməsi barədə Mərkəzi Bankın açıqlaması əslində milli valyutaya psixoloji təsirin olduğu anlamına gəlir:

“Nəzərə alın ki, FED-in qərarından sonra Azərbaycanda xarici valyutaya tələbin artması müşahidə olundu. Kommersiya banklarında cüzi olsa da dolların məzənnəsi artdı. Sadalanan faktlar psixoloji təsirlərin olduğunu göstərir. Həm də, Mərkəzi Bank hərraclara tələb olunan valyutanı çıxarırsa, bu, nəticə etibarı ilə psixoloji təsirin aradan qaldırılmasına gətirir”.

Vüqar Bayramov deyib ki, FED-in qərarından sonra manatın məzənnəsində ciddi dəyişikliyin olmaması Mərkəzi Bankın valyuta bazarında aparıcı mövqeyə malik olması ilə bağlıdır. Mərkəzi Bank milli valyutanın məzənnəsinin təsir etmək imkanlarını qoruyub saxlayır:

“Mərkəzi Bank bu ilin fevralından etibarən valyutaya kəskin tələbi olan bankların hərraclara çıxmamasına nail ola bildi. Xüsusən də Beynəlxalq Bankın dollara olan tələbi hərraclardan kənar təmin olunduğundan hərraclarda dollara tələbin azalmasıyla nəticələndi. Beləliklə, fevrala qədər dollara tələb təklifdən çox idisə, sonra isə təklifdən az oldu. Dövlət Neft Fondunun hərraclara çıxardığı dollar satılmadı, çünki Beynəlxalq Bank da daxil aparıcı banklar dollar almadı. Eyni zamanda, dollarlaşma səviyyəsi kifayət qədər yüksəldi. 2015-2016-cı illərdə manatın zəifləməsi vətəndaşların öz pullarını dollara çevirməsinə səbəb oldu. Dollarlaşma səviyyəsi 2017-ci ilin əvvəllərində depozit portfelində 80, nağd yığımlarda isə 90 faizdən çox yüksəldi. Nəticədə, vətəndaşın pulu dollarda oldu və dollarlaşma səviyyəsinin yüksək olması ona tələbi azaltdı. Mərkəzi Bank 2014-cü illə müqayisədə manat bazasını kəskin azaltdı, bu isə dollara tələbin azalmasıyla yekunlaşdı”.

“Manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq”

Vüqar Bayramov xatırladıb ki, son aylarda neftin qiymətinin 60 dollardan yüksək olması tədiyyə balansında profisitin yaranmasına səbəb olub:

“Eyni zamanda, ixracın idxalı 4,5 milyard dollar üstələməsi artıq, Mərkəzi Banka intervensiyanı (Valyuta intervensiyası – ölkənin Mərkəzi bankının iri həcmdə əcnəbi valyutanın alınması və yaxud satılması yolu ilə ölkənin valyuta bazarına məqsədli şəkildə təsir etməsidir) dayandırmağa imkan verdi və Dövlət Neft Fondunun hesabına dollara olan tələbi ödəməyə çalışdı. Mərkəzi Bank bazarda aparıcı olduğu zamana qədər məzənnə ondan asılı olacaq. Növbəti dövrlərdə manatın məzənnəsinin birbaşa dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Bankın son açıqlamasından belə anlaşılır ki, məzənnədə kəskin dəyişikliklərə getmək niyyətində deyil”.

Neft amili...

İqtisadçı güman edir ki, 2018-ci ildə manatın məzənnəsi birbaşa neftin dünya bazar qiymətindən asılı olacaq:

“Mərkəzi Bankın açıqlamasından belə anlaşılır ki, neftin qiymətinin 50 dollarlıq intervalı daha məqbuldur. Əks təqdirdə, neftin qiyməti 50 dollardan aşağı düşərsə, məzənnəni saxlamaq müəyyən qədər çətindir”.

Vüqar Bayramov hesab edir ki, əgər manatın məzənnəsi sabitdirsə, qiymətlər düşməli idi:

“Xüsusən də ərzaq məhsulları üzrə qiymətlərin artımı müşahidə olunur. Əvvəlki illərdə qiymətlərin artımını manatın məzənnəsinin aşağı düşməsi ilə əlaqələndirmək mümkün idisə, bu gün həmin amil işləmir. Çünki manatın məzənnəsi sabitdir. Yaranmış durum iş adamlarının daha yüksək məzənnə ilə kurs hesabladığını göstərir. Halbuki, məzənnə 1,70 ətrafında dəyişir. Ona görə ərzaq məhsullarının qiymətlərinin aşağı salınmasının yeganə yolu rəqabətin genişlənməsidir”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

“Manat üzmür...”

İqtisadçı-alim Nazim Bəydəmirli isə düşünür ki, dolların uçot dərəcəsi artdıqca bütün dünyada dolların bahalaşması təbiidir.

“Əgər, Azərbaycanda bu baş vermirsə və Mərkəzi Bank “FED-in qərarı manata birbaşa təsir etmir” açıqlamasını yayırsa, bu, manat-dollar məzənnəsinin inzibati vasitələrlə müəyyənləşdirildiyini təsdiqləyir. Obyektiv səbəblərdən dollar ucuzlaşmırsa, manat möhkəmlənmirsə, bu, Mərkəzi Bankın “üzən məzənnə” barədə fikirlərinin doğru olmadığını göstərir”.

Nazim Bəydəmirli bahalaşmanı ciddi problem sayır:

“Çünki Azərbaycanda idxal da başda olmaqla inhisarçılıq mövcuddur. Eyni malların bizim və qonşu ölkələrə idxalı zamanı nəqliyyat xərcləri, gömrük rüsumu eyni olsa da, qiymətlər artmaqda, yaxud sabit qalmaqda davam edir. İnhisarçılığın göstəricisi olan bu bəla məmur sahibkarlığından doğur. Məmurlar biznes fəaliyyəti ilə məşğul olana və onlara “yaşıl işıq” yandırılana qədər rəqabətli mühit olmayacaq. Rəqabətli mühit olmayanda isə bazarda ədalətli qiymət müəyyənləşməyəcək. Çünki tələb-təklif üzərində qurulmayan iqtisadiyyatlarda heç zaman ədalətli qiymət formalaşa bilməz”.

Ancaq Azərbaycan rəsmiləri, eləcə də Dövlət Gömrük Komitəsi inhisarçılıqla bağlı səslənən fikirlərlə bir elə də razılaşmırlar.

Hakimiyyət rəsmiləri bildirirlər ki, ölkədə korrupsiya və inhisarçılıqla ciddi mübarizə aparılır. Bundan ötrü də ölkədə hakim iradənin olduğu qeyd edilir.

XS
SM
MD
LG