Accessibility links

Cahangir Hacıyev özünü təqsirli bilmir


Cahangir Hacıyev
Cahangir Hacıyev

Bu barədə o, avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində bildirib

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev ona qarşı irəli sürülmüş mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarını təkzib edib.

Turanın məlumatına görə , bu barədə o, avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Hacıyevə və AMB-nin daha 7 keçmiş vəzifəli şəxsinə qarşı iş üzrə hazırlıq iclasında bildirib.

Vəkil Fəxrəddin Mehdiyev cinayət işinə xitam verilməsi, qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət qaldırıb. Vəkil həmçinin maliyyə naziri Samir Şərifovun məhkəməyə çağırılması barədə vəsatət verib.

Hacıyev özü təkrar edib ki, özünü təqsirli bilmir. O qeyd edib ki, cinayət işi başladıqda o, xaricdə idi və təqsirli olsaydı ölkəyə qayıtmazdı. O, 11 dəfə istintaqa ifadə verib, 2015-ci ilin dekabrında isə həbs edilib. Hacıyev hesab edir ki, onu 38 gün qanunsuz olaraq DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində saxlanılıb, çünki o, istintaq təcridxanasına köçürülməli idi.

Hacıyev istintaqın səriştəsiz və qərəzli olduğunu bildirib. Belə ki, ittiham aktında 49 fiziki şəxsə kredit verilərkən pozuntulara yol verildiyi iddia olunur. Amma istintaqa kreditlərin verilməsi qaydalarına riayət olunması haqqında bütün sənədlər təqdim edilib.

Cahangir Hacıyev mənimsəmədə ittiham olunsa da, istintaq materiallarında kreditorların Hacıyevə və ya başqa kiməsə pul verdiyi haqqında şikayətləri yoxdur.

Bu zaman ABB auditor komissiyasının üzvləri Maliyyə Nazirliyinin əməkdaşlarıdır və onlar bütün qərarları imzalayıblar. Amma onların heç biri məsuliyyətə cəlb olunmayıb.

Bundan sonra Hacıyev maliyyə naziri Samir Şərifovun məhkəməyə gəlməsini tələb edib. "Bundan da artığını söyləyim, o, burada mənim yanımda oturmalıdır", deyə Hacıyev bildirib.

O, həmçinin hələ müddəti başa çatmamış kreditlərin ödənilməməsi ilə bağlı iradlar irəli sürülməsinin əsassız olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın 2 milyon sakininin kredit borcu var.

"Bu halda bu kreditləri verən hər kəsi həbs etmək lazımdır", deyə o bildirib.

Amma dövlət ittihamçısı vəsatətlərə etiraz edib. İclasda fasilə elan olunub.

Hacıyevlə birlikdə ABB-nin keçmiş filial rəhbərləri - Anar Sultanov, Yusif Ələkbərov, İlqar Abdullayev, Kənan Orucov, Məmməd Cahangirov, habelə Bakı Fındıq Emalı Zavodunun keçmiş direktoru Azad Cavadov məhkəmə qarşısına çıxarılıb. Onlar AR CM-in 179.3.1, 179.3.2 (böyük ölçüdə mənimsəmə, mütəşəkkil qrup tərəfindən törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (odlu silahın və onun komplekt hissələrini qanunsuz əldə edilməsi, başqasına verilməsi, satışı, saxlanması, daşınması) maddələri ilə ittiham olunur.

Cahangir Hacıyev 2015-ci il martın 18-də "səhhəti ilə əlaqədar" ABB sədri vəzifəsindən istefa verib. Bundan sonra ABB-nin bir sıra keçmiş yüksək vəzifəli əməkdaşları və bankdan böyük kreditlər alan biznesmenlər həbs olunub. Qeyri-rəsmi məlumatlara görə, ABB-yə qaytarılmamış kreditlərin məbləği 6 mlrd. dollara çatıb. Hacıyevin özünü oktyabrın 17-də yaxın qohumu Eldar Mahmudovun MTN rəhbəri vəzifəsindən istefasından sonra istintaqa çağırmağa başlayıblar. Dekabrın 5-də Hacıyev həbs olunub. Vəkilinin sözlərinə görə, o, 42 mln. manatı mənimsəməkdə ittiham olunurdu. Bu vəsait bankın 80 mln. manatlıq səhmi şəklində dövlətə qaytarılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG