Accessibility links

Natiq Cəfərli: Azərbaycanda bank və iqtisadiyyat halsızlaşıb [Video-müsahibə]


Natiq Cəfərli: Azərbaycanda bank və iqtisadiyyat halsızlaşıb
please wait

No media source currently available

0:00 0:07:10 0:00

İqtisadçı ekspert Amerikanın Səsinə müsahibəsində Beynəlxalq Bank və maliyyə-pul siyasətindən danışıb

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində Azərbaycan Beynəlxalq Bankı (ABB) və bank sektorunda yaranmış durumdan danışıb.

Nyu-York Məhkəməsi "Azərbaycan Beynəlxalq Bankı"nın müraciətini təmin edərək bu maliyyə qurumunun aktivlərinin ABŞ-dakı xarici kreditorların iddia tələblərindən qorunması barədə qərar qəbul edib. Burda başlıca məqsəd ABB-nin ABŞ-dakı xarici öhdəliklərinin restrukturizasiya prosesinin tanınmasına və kreditorlar tərəfindən iddia tələblərinin qarşısının alınmasına nail olmaqdır.

İndiyə qədər Azərbaycan dövləti ABB-nin 9,93 milyard manat dəyərində toksik aktivlərini alıb, bankda 1,3 milyard dollarlıq və 70 milyon manatlıq depozit yerləşdirib, nizamnamə fondunun artırılması üçün banka 600 milyon manat vəsait ayırıb. Hazırda ABB-nin 3,3 milyard dollarlıq xarici borc öhdəlikləri var.

Ekspertlər hesab edir ki, ABB-nin bu xarici borc öhdəliklərini dövlət üzərinə götürəcək. Bu məqsədlə mayın 23-də Azərbaycan maliyyə naziri Samir Şərifov Londonda kreditorlarla görüş keçirəcək.

Amerikanın Səsi: Azərbaycan Beynəlxalq Bankının müflisləşmə ilə bağlı məhkməyə müraciəti ölkə üçün hansı çətinliklər yarada bilər? Məhkəmə qərarı bankın öhdəliklərini vaxtında yerinə yetirməməsinə kömək edə bilərmi?

Ən pis yoldansa, yəni özləri məkəməyə müraciət etdilər.

Natiq Cəfərli: Əslində, bu müraciətin məğzini çox pislə, pis arasındakı seçim kimi dəyərləndirmək lazımdır. Çox pis o olacaqdı ki, Beynəlxalq Bankın beynəlxalq öhdəliklərini yerinə yetirməməklə bağlı ona qarşı dünyanın müxtəlif ölkələrində məhkəmə işləri açılacaqdı. Bununla da Beynəlxalq Bank öz daşınan və daşınmaz aktivləri ilə ona cavab verməli olacaqdı, beynəlxalq məhkəmələr aktivlərinə həbs tətbiq edəcəkdi. Bunu qabaqlamaq üçün pis yolu seçdilər. Ən pis yoldansa, yəni özləri məkəməyə müraciət etdilər. Bu da o deməkdir ki, Beynəlxalq Bankın öhdəlikləri ilə bağlı faiz hesablamaları məhkəmə qərarından sonra dayandırılacaq və bankın daşınmaz və daşınan əmlakına, o cümlədən dövlətin bankı olduğu üçün, dövlətin əmlakına hər hansı bir iddianın qaldırılmasına Nyu York Məhkəməsinin qərarı maneəçilik törədəcək. Amma, bunun bank sektoruna və ümumilikdə Azərbaycanın maliyyə durumuna çox böyük mənfi təsiri oldu. Bu, həm də böyük imic zərbəsi oldu. Çünki bundan sonra Azərbaycanda maliyyə-bank sisteminin çox bərbad bir vəziyyətdə olduğunu artıq dünya mətbuatı, - iqtisadiyyatla məşğul olan çox nüfuzlu agentliklər və mətbuat orqanları yazmağa başladı. Bu da pis seçimin bir nəticəsi oldu. Təbii ki, əgər heç bir müraciət olmasa idi, əksinə Beynəlxalq Banka qarşı beynəlxalq məhkəmələrdə, müxtəlif ölkələrdə onlarla iddialar qaldırıla bilərdi. Sadəcə, bunu önləmək üçün Nyu York Məhkəməsinin qərarını bir istinad nöqtəsi kimi qarşıya qoymağa çalışırlar. Bundan sonrakı proses kreditorlarla Azərbaycan dövlətinin danışıqlarından asılı olacaq. Bildiyim qədər, mayın sonunda maliyyə naziri Samir Şərifovun Londonda kreditorlarla görüşü olacaq. Çox güman ki, həmin görüşdə dövlət tərəfindən borcların ödənilməsi qrafiki təsdiqlənəcək.

Amerikanın Səsi: Beynəlxalq Bank ətrafında yaranmış böhran ölkənin investisiya imicinə və biznes mühitinə hansı təsirlər göstərəcək?

Təəssüf ki, Azərbaycanın investisiya imici və mühiti çox pis vəziyyətdədir.

Natiq Cəfərli: Əslində, təəssüf ki, Azərbaycanın investisiya imici və mühiti çox pis vəziyyətdədir. Çünki bu tək Beynəlxalq Bankla baş verən bir proseslə əlaqəli deyil. Hər bir investoru maraqlandıran iki önəmli məsələ var. Birincisi, onun məhkəmə sistemidir, ikincisi vergi və gömrük qanunvericiliyidir, oyun qaydalarıdır. Hər iki sahədə Azərbaycanda uzun illərdir bərbad bir vəziyyətdir. Nə ədalətli məhkəmə sistemi yoxdur ki, iş adamlarının bir problemi yaşananda məhkəməyə müraciət edib ədalətli qərar ala bilsinlər. Həm də vergi və gömrükdə oyun qaydaları tez-tez dəyişdirilir. Məsələn, bu ilin əvvəlində vergi qanunvericiliyinə birdən-birə 201 dəyişiklik olundu. Bu, investor üçün çox qorxulu rəqəmdir. İnvestor həmən düşünür ki, bu ölkədə bir gecənin içində vergi və gömrük qanunvericiliyinə yüzlərlə əlavə və dəyşiklik olunursa, burada iş qurmaq çətindir. Çünki qaydalar hər an dəyişdirilə bilər. Dediyim kimi, imic onsuz da yaxşı deyildi. Beynəlxalq Bankla bağlı vəziyyətin bu həddə çatması isə ümumilikdə Azərbaycanın investisiya mühitinə çox kəskin və ağır zərbə vuracaq. O mənada ki, digər kommersiya banklarının da vəziyyəti ürəkaçan deyil. Beynəlxalq Bankla bağlı baş verən vəziyyət digər kommersiya banklarının maliyyə resurslarına çıxış imkanlarını kifayət qədər məhdudlaşdıracaq. Uzun illərdir ki, Azərbaycan bank sistemində bu nəzərə çarpır. Azərbaycan kommersiya bankları xaricdən aşağı faizlə borc alırdılar. Manat sabit idi, dollara nisbətdə 0,78 manat məzənnə idi. Manat uzun illər sabit qalmışdı. Xaricdən alınan krediti istehlak kreditinə çevirirdilər, əhaliyə paylayırdılar, bunun vasitəsi ilə də böyük pullar qazanırdılar. İndi manatın devalvasiyasından sonra milli valyutanın vəziyyəti çox ağırlaşdı və bu gün də xarici kapitala çıxış imkanları məhdudlaşdı. Yəni, investisiya mühitindən əlavə olaraq həm də banklarımızın xarici kapitala çıxış imkanları kifayət qədər məhdudlaşacaq.

Amerikanın Səsi: Bank sektorundakı durumun yaxın perspektivini necə proqnozlaşdırırsınız. Ölkə üçün sosial, iqtisadi və siyasi risklər yarana bilərmi?

Natiq Cəfərli: Ümumilikdə, bank sektorunda durum çox ağırdır. Hətta, rəsmi rəqəmlər də bunu sübut edir. Rəsmi etiraf olunan rəqəm budur ki, kreditlərin 10 faizdən çox geri qaytarılması problemli olan kreditlər var. Amma, Mooddy`s kimi, Fitch kimi, Standart & Poor`s (S&P) kimi beynəlxalq təşkilatlarda bu rəqəm 25-30 faiz civarında göstərilir. Reallıqda isə elə banklar var ki, hətta portfelinin 50 faizi problemli kreditdir, yəni geri qayıtmayan kreditlərdir. Bu onu göstərir ki, bank sektoru sanki bir iflic vəziyyətə düşüb. Bank sektoru isə ümumi iqtisadiyyatın qan-damar sistemidir. Qan necə insan bədənində dövr edirsə, maliyyə sistemində də pul dövriyyəsi artmalıdır ki, bir inkişaf olsun. İndi pul dövriyyəsi dayanıb. Obrazlı desək, iqtisadiyyat halsızlaşıb. Mərkəzi Bank məzənnəni saxlamaq şərti ilə pul dövriyyəsini kəskin azaldıb. Banklar ümumiyyətlə əməliyyat apara bilmir. Nə kredit verə bilir, nə verdiyi krediti toplaya bilir. Bankların hamısı böyük bir valyuta dəyişmə məntəqəsinə çevrilib. Ancaq valyuta əməliyyatlarından pul qazana bilirlər. Bu da bankın fəaliyyəti üçün kifayət etmir. Son zamanlar ən çox işdən çıxarılmalar da, ən çox kiçilmələr də bank sektorundadır. Bu il ərizndə bankların sayının kəskin şəkildə azalması gözlənilir. Bununla bağlı prezidentin fərmanı da oldu. Çox güman ki, yaxın aylarda bir çox bankların ya bağlanmasının, ya da birləşdirilməsinin şahidi olcağıq.

Amerikanın Səsi: Ölkədəki hazırki pul siyasəti çətinliklərin aradan qaldırılmasına yardım edə biləcəkmi?

İndi 4 milyard manat investisiya xərcləri azalıb, bankların kreditləşməsi azalıb. Bu da iqtisadi aktivliyə çox mənfi təsir göstərir və insanların gəlirlərinin azalmasının əsas faktoruna çevrilib.

Natiq Cəfərli: Əslində, maliyyə-pul siyasəti bir mərkəzdən koordinasiya olunmuş şəkildə aparılmır. Dünyanın bütün ölkələrində Mərkəzi Bankla hökumət sözün yaxşı mənasında həmişə mübahisə edib. Mərkəzi Bank infilyasiyanı aşağı çəkməyi düşünür, hökumət isə əksinə, Mərkəzi Bankın daha çox pul xərcləyərək, dövriyyəyə daha çox pul buraxaraq iqtisadi aktivliyi canlandırmasını istəyir. Dünyada bu həmişə belə olub. Azərbaycanda indi nə baş verir? Mərkəzi Bank pul kütləsini sıxır, pul dövriyyəsini azaldır ki, valyutanın məzənnəsini sabit saxlasın, bir də infilyasiyanı cilovlasın. Amma bunun heç biri baş vermir. Əslində, manatın məzənnəsində müəyyən sabitlik baş versə də, bunun müvəqqəti xarakter daşıdığını artıq həm beynəlxalq, həm də yerli ekspertlər dəfələrlə söyləyib. Həm də bir neçə ay bundan öncə, yanvar ayında 1 dolların məzənnəsi 1,92 manatadək qalxmışdı. Yəni, inflyasiya aşağı düşməyib, hələ də iki rəqəmlidir. Qiymət artımının sürəti isə insanları kifayət qədər incidən və problem yaradan məsələlərdən birinə çevrilib. Bununla paralel olaraq iqtisadi aktivlik xeyli dərəcədə zəifləyib. Yalnız dövlətin kapital qoyuluşuna qoyduğu vəsait 4 milyard manat azalıb. Azərbaycanda uzun müddətdir ki, çox primitiv bir model var. Dövlət büdcəsi hesabına iqtisadi aktivlik saxlanılırdı. Yəni, dövlət büdcəsi böyük layihələrə pul ayırırdı. Təmir-tikinti işləri aparılırdı. Bu ümumi tipli kassa effekti verirdi və bütün iqtisadiyyatda canlanma müşayiət olunurdu. İndi 4 milyard manat investisiya xərcləri azalıb, bankların kreditləşməsi azalıb. Bu da iqtisadi aktivliyə çox mənfi təsir göstərir və insanların gəlirlərinin azalmasının əsas faktoruna çevrilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG