Accessibility links

Sabit Bağırov: Azərbaycan hələ Norveç modelindən uzaqdır [Video-müsahibə]


Sabit Bağırov: Hələ ki biz Norveç modelindən uzağıq
please wait

No media source currently available

0:00 0:07:32 0:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş prezidenti Sabit Bağırovun Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırov Amerikanın Səsinə müsahibəsində neft qiymətlərinin Azərbaycan iqtisadiyyatına təsirlərindən, qeyri-neft sektoru ilə bağlı hökumətin apardığı siyasətdən danışıb.

Amerikanın Səsi: Dünya bazarında neftin qiymətinin hansı səviyyəyə enməsi Azərbaycan iqtisadiyyatında böhranı daha da dərinləşdirə bilər?

Azərbaycan büdcəsi üçün kritik qiymət 1 barel neftin 40 dollar olmasıdır.

Sabit Bağırov: Azərbaycan büdcəsi üçün kritik qiymət 1 barel neftin 40 dollar olmasıdır. Bu ilin büdcəsi belə qəbul olunub, yəni büdcənin xərcləri və gəlirləri bu qiymətə uyğunlaşdırılıb. Düşünürəm ki, bu elə bir həddir ki, sonra büdcə problemləri yaşana bilər.

Amerikanın Səsi: Azərbaycanda neft gəlirlərindən istifadə ölkəni “Holland sindromu”na daha çox yaxınlaşdırıb, yoxsa “Norveç təcrübəsi”nə?

Transfertlərin böyük həcmdə olması əlbəttə ki, iqtisadiyyatda “Holland sindromu” deyilən problemləri yaradıb.

Sabit Bağırov: Norveç təcrübəsi hələ ki, bizdən bir qədər uzaqdır. Norveç bu günkü təcrübəyə təxminən 10 il ərzində gəlib çıxıb. Norveç Neft Ehtiyatları Fondu ötən əsrin 90-cı ilində yaranıb. Səhv etmirəmsə, 2007-ci ildə Pensiya Fonduna çevrilib. Onun da idarə edilməsi Norveçin Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Müəyyən hədlər var ki, o hədlərdən artıq Pensiya Fondundan büdcəyə transfertlərə icazə verilmir. Bu da Neft Fondunun aktivlərinin gəlirliliyinin təxminən hardasa 4 faiz həcmindədir. Çalışırlar ki, ondan yuxarıya keçməsinlər. Azərbaycanda biz bildiyimiz kimi son 6-7 ildə kifayət qədər böyük məbləğlərdə neft fondundan büdcəyə transfertlər edilib. Bunun səbəbləri də var idi. Bu gün də var. Bu da infrastrukturun inkişafıdır, sosial layihələrin həyata keçirilməsidir. Ona görə də mən deyərdim ki, hələ ki biz Norveç modelindən uzağıq. Amma ona doğru müəyyən addımlar atılmaqdadır. Transfertlərin böyük həcmdə olması əlbəttə ki, iqtisadiyyatda “Holland sindromu” deyilən problemləri yaradıb. Amma onu da obyektivlik naminə qeyd etməliyik ki, bütün resurs ölkələri bu problemlə üzləşir. Rusiyanı, Qazaxıstanı, Nigeriyanı, Ərəb körfəzi ölkələrini, Səudiyyə Ərəbistanı və s. ölkələri misal çəkmək olar. Yəni bir çox neft ölkələri bu problemlə üzləşir. Bu ölkələrin hökümətləri “Holland sindromu”nu önləməyə çalışmalıdır. Düşünürəm ki, Azərbaycan bu istiqamətdə "Strateji Yol Xəritəsi"ni qəbul etməklə addımlar atıb.

Amerikanın Səsi: Azərbaycanın müstəqillik dövründə neft gəlirləri nə qədər olub? Ondan istifadənin istiqamətləri necə olub? Hazırda neft gəlirləindən nə qədər valyuta ehtiyatı yığılıb?

Neft Fonduna yığılan vəsaitlərin böyük qismi istifadə edilib.

Sabit Bağırov: Bütün müstəqillik dövrü ərzində neft gəlirləri haradasa təxminən 135-140 milyard dollar cuvarındadır. Neft Fondunun internet səhifəsində dəqiq rəqəmlər var və bu vəsaitlər həm də büdcə problemlərini həll etməyə imkan yaradır. Büdcəyə transfertlər edilir. Eyni zamanda, bir sıra layihələr həyata keçirməyə imkan yaradır. Amma, Neft Fonduna yığılan vəsaitlərin böyük qismi istifadə edilib. Bu ilin birinci rübündə Neft Fondunda toplanmış vəsaitlərin həcmi haradasa 33 milyard dollara yaxın idi. Amma, ölkənin rezervləri bununla məhdudlaşmır. Mərkəzi Bankın da ehtiyatları var. Məndə olan məlumatlara əsasən son rəqəmlər hardasa 4,8 milyard dollara yaxındır.

Amerikanın Səsi: Azərbaycan yenə də neft-qaz müqavilələri bağlayır və 2050-ci illərədək ən böyük gəlirlər neft-qaz sektorundan gözlənilir. Bu gəlirlər əvvəlki illərə nisbətən bir neçə dəfə az proqnozlaşdırlır. Belə olan halda ölkənin gələcək inkişafını necə görürsünüz?

Artıq ümid etmək olar ki, bu strateji yol xəritələri 2020-ci ilədək müəyyən strateji hədəfləri, prioretetləri, indikatorları müəyyən edib

Sabit Bağırov: Azərbaycan hökuməti anlayır ki, ortada bir proqram olmalıdır. Səhv etmirəmsə 2016-cı ildə martın 16-da Azərbaycan prezidentinin fərmanı ilə "Strateji yol Xəritələri üçün Strateji İstiqamətlər" təsdiqləndi. Daha sonra aprel ayında "Strateji Yol Xəritələri" hazırlamaq üçün yeni bir qurum yaradıldı. Bu da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir. Və "Strateji Yol Xəritələri" hazırlamasına başlanıldı. Xüsusi, xarici konsaltinq şirkəti bu işə cəlb edildi. Bu müştərək çabalar nəticəsində 2016-cı il noyabrın sonunda 12 istiqamətlər üzrə strateji yol xəritələri hazırlandı. Artıq ümid etmək olar ki, bu strateji yol xəritələri 2020-ci ilədək müəyyən strateji hədəfləri, prioretetləri, indikatorları müəyyən edib. Strateji baxış çərçivəsində 2025-ci ilə qədər uzun müddətli baxışı və 2025-ci ildən sonra hədəf baxış adlanan bir dövr üçün məqsədləri müəyənləşdirib. O istiqamətdə addımlar atılmaqdadır. Hələki bu ilk addımlardır. Düşünürəm ki, çox böyük iş görülməlidir. Onu da qeyd edim ki, strateji yol xəritələrində bir sıra məsələlər var ki, o problemlər çox mühüm xarakter daşııyır. Amma o istiqamətlərdə də çox ciddi addımlar atılmalıdı. Deyək ki, məhkəmə islahatlarıdır, idarəetmədə daha optimal struktur müəyyənləşdirilməlidir və s. digər istiqamətlərdə addımlar atılmalıdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG