Accessibility links

Azərbaycan Çexiyaya ildə 1-1,5 mlrd. dollar məbləğində neft satır


Azərbaycan Çexiyanın böyük enerji tərəfdaşıdır. Azərbaycan nefti bu ölkənin neft tələbatının üçdə birini ödəyir. Öz növbəsində, Azərbaycanın Çexiyaya neft satışından illik gəliri 1-1,5 mlrd. dollar təşkil edir.

2017-ci ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 924 mln. dollar, yəni 2016-cı böhran ili boyunca olduğundan 1,5 dəfə çox təşkil edib. Bu barədə bugünkü mətbuat konfransında Çexiya səfirliyinin iqtisadi və ticari məsələlər üzrə katibi Yan Jindrix (Jan Jindrich) bildirib.

Çexiyadan idxal cəmi 78 mln. dollar təşkil edib, Azərbaycan ixracı isə 846 mln.dollar səviyyəsində olub.

Çexiya Azərbaycanın ixrac strukturunda 7-ci yeri tutur.

Çexiya ən böyük xarici investorlar arasındadır. Bu ölkənin bankları və şirkətləri Azərbaycana 2 mlrd. dollara yanxın investisiya ediblər.

Çexiya şirkətlərinin həyata keçirdiyi böyük layihələr arasında Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən qurulması da var. Bu layihədə "Moravia steel" və "Trihacke Zelezarnıy" şirkətləri iştirak ediblər.

Bakıda işləyən qırmızı İveco avtobuslarının yarısı da Çexiya istehsalıdır (digər yarısı Fransada istehsal olunub).

Çexiya Azərbaycana Tatra yük avtomobilləri ixrac edir.

Hazırda Gəncə Avtomobil Zavodunda bu maşınların yığılmasına başlanması haqqında ilkin razılaşmalar əldə olunub.

Çexiya da Azərbaycan investorları üçün cəlbedici bazardır. Doğrudur, imkanlı azərbaycanlılar şəxsi daşınmaz əmlaka, o cümlədən Karlovı Varıda kurortlara yatırım etməyə üstünlük verir və bu məsələ ilə bağlı statistika açıqlanmır. Amma kommersiya layihələrinə kapital qoyulması prosesi də başlayıb.

Çexiyanın Azərbaycandakı səfiri Viteslav Viponka (Vitezslav Pivonka) bildirib ki, Azersun Holding Praqanın mərkəzində və Brno şəhərində böyük alış-veriş mərkəzlərinin tikintisinə başlayıb.

Mətbuat konfransında səfir qeyd edib ki, gələn il hər iki ölkə üçün əlamətdardır.

2018-ci ildə Azərbaycanda və Çexiyada müstəqil respublika elan edilməsinin 100 illiyi qeyd olunur. Hər iki ölkədə prezident seçkiləri keçiriləcək. 2015-ci ildə Çexiya prezidenti Miloş Zeeman Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan prezidenti də Praqaya rəsmi səfərə dəvət olunub.

Səfir həmçinin təhsil sahəsində və humanitar sahədə əməkdaşlığın inkişaf etdiyini qeyd edib.

Çexiyanın özəl şirkətlərinin dəstəyi ilə Şamaxı rayonunun Qaravəlli kəndində "Energetik cəhətdən səmərəli məktəb"in yaradılması layihəsi həyata keçirilir.

XS
SM
MD
LG