Accessibility links

Natiq Cəfərli: Azərbaycanın xarici borcu 21-22 milyard dollardır [Video-müsahibə]


Natiq Cəfərli: Azərbaycanın xarici borcu 21-22 milyard dollardır
please wait

No media source currently available

0:00 0:06:01 0:00

İqtisadçı ekspert Amerikanın Səsinə müsahibəsində Azərbaycanın xarici borcundan danışıb

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində Azərbaycanın xarici borcu haqda danışıb.

Amerikanın Səsi: Azərbaycanın xarici dövlət borcu 2018-ci ildə 9 milyard 398 milyon 300 min dollara çatıb. Dünyanın bir sıra statistik mənbələri isə dövlət borcunun 20,1 milyard dollar olduğunu bildirir. Fikrinizcə, real borc nə qədərdir?

Azərbaycan hökuməti, sadəcə, borcların kəskin şişməsinin qarşısının alınması üçün çox qəribə bir yol seçib.

Natiq Cəfərli: Əvvəla, onu deyək ki, Azərbaycan hökumətinin xarici borcu hesablama qaydaları dünya standartlarına cavab vermir. Rəsmi statistika ancaq bu günədək alınmış və istifadə olunmuş vəsaiti dövlət borcu kimi qəbul edir. Amma imzalanmış müqavilələri, bu il, gələn il, iyirmi ilədək dövrdə alınacaq kreditləri hesablamırlar. Çünki bir çox kredit müqavilələri mərhələli olur və hər mərhələ tamam olduqda müəyyən borc miqdarı (kredit) ölkəyə verilir. Azərbaycan hökuməti isə ancaq bu günədək alıb xərclədiyini borc kimi qəbul edir. Bu, doğru yanaşma deyil. Beynəlxalq praktikaya görə, dövlətlərin borcu tək dövlətin bu günədək xərclədiyi yox, bağladığı müqavilələr, üstəgəl dövlət zəmanəti ilə dövlətə aid şirkətlərin aldığı borclar da dövlət borcu kimi hesablanır. Azərbaycan hökuməti, sadəcə, borcların kəskin şişməsinin qarşısının alınması üçün çox qəribə bir yol seçib. Yəni, ancaq bu günədək alıb xərclədiyi kreditləri dövlət borcu kimi qəbul edir. Amma bu, doğru yanaşma deyil. Dövlətin şirkətləri, məsələn SOCAR-ın özünün xarici borcunun hamısı dövlət zəmanəti ilə götürülüb. Təkcə SOCAR-ın xarici borcu dövlətin borcuna bərabərdir. Bundan başqa digər dövlət şirkətləri, “Azərenerji”nin, AZAL-ın, bir çox başqa şirkətlərin, “Azərsu”nun xarici öhdəlikləri var. Bu xarici öhdəliklərin əksəriyyətinin zəmanəti dövlət tərəfindən verilib. Məhz bu yanaşmanı, beynəlxalq praktikanı götürsək Azərbaycanın xarici borcu təxminən 21-22 milyard dollar civarındadır. Bu da az qala ümumi daxili məhsulun (ÜDM) təxminən 60 faizinə yaxınlaşır.

Amerikanın Səsi: Maliyyə Nazirliyinin rəsmisi xarici dövlət borcunun 2018-ci ildə 30 faiz artmasının səbəbini Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyası ilə bağlı olduğunu bildirib. Buna münasibətiniz?

Natiq Cəfərli: Beynəlxalq Bankın xarici öhdəlikləri 3,3 milyard dollardır. Bununla bağlı danışıqlar bitib. Amma növbəti mərhələ başlayıb. Çünki bəzi kreditorlar danışıqların nəticələrindən narazıdır. Bəli, Beynəlxalq Bankın borclarının müəyyən təsiri var. Amma borcun artmasının əsas səbəbi “Cənub” qaz dəhlizi layihəsidir. Çünki Azərbaycan TANAP, TAP kimi layihələrin həyata keçirilməsi üçün bir çox beynəlxalq maliyyə institutlardan kredit cəlb edib. Burada Avropa Bankı da, Asiya İnkişaf Bankı da var. Bir çox banklarla danışıqlar gedir. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə danışıqlar gedir. Dünya Bankı ilkin kredit müqaviləsini artıq təsdiqləyib. Yəni, borcun artmasının əsas səbəbi qaz layihələridir.

Amerikanın Səsi: Ölkədə dövlət zəmanəti ilə alınmayan borcların statistikası aparılırmı? Dövlət zəmanəti olmayan borc öhdəlikləri barədə nə deyə bilərsiniz?

Natiq Cəfərli: Əslində dövlət zəmanəti olmadan ölkəyə kredit demək olar ki, verilmir. Son iki ildə bu praktika az qala sıfıra enib. Amma bəzi kommersiya banklarının dövlət zəmanəti olmadan xarici maliyyə mənbələrindən kredit cəlb etdiyini bilirik. Beynəlxalq statistik məlumatlara görə, 2016-2017-ci illərdə təqribən 3-4 milyard dollar civarında dövlət zəmanəti olmayan xarici kredit cəlb edilib. Amma bildiyim qədərilə 2017-ci ildə bunun bir hissəsini qaytardılar. Əsasən kommersiya banklarının təqribən 2,5 milyard dollara yaxın xarici borc öhdəlikləri hələ də qalır.

Amerikanın Səsi: Ölkələr xarici kapitalı adətən üç üsulla cəlb edirlər. Bunlar iqtisadiyyata, səhm bazarına qoyulan investisiyalar və kreditlərdir. Azərbaycanda bu üç istiqamət arasında paritet necədir?

Azərbaycan ÜTT-yə üzv olmaq istəmir, Azərbaycan hökuməti danışıqları uzadır.

Natiq Cəfərli: Çox təəssüf ki, Azərbaycanda xarici investorlara birbaşa yatırım etməyə şərait yoxdur. Çünki xarici investorları iki əsas önəmli məsələ maraqlandırır. Birinci, investisiya yatıracaq hər bir investor üçün Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olub- olmaması vacibdir. Çünki ÜTT-yə üzvlük beynəlxalq oyun qaydalarının tətbiqinə şərait yaradır. İkinci isə hüquq-məhkəmə sistemidir. Müstəqil məhkəmə sistemi olmayan ölkələrə birbaşa kapital qoyuluşu demək olar ki, olmur. Azərbaycanda bu iki istiqamətdə ciddi problemlər var. Azərbaycan ÜTT-yə üzv olmaq istəmir, Azərbaycan hökuməti danışıqları uzadır. Məhkəmələr isə müstəqil deyil. Ona görə də Azərbaycanda müstəqillikdən üzü bəri dövrdə birbaşa investisiyalar ancaq enerji (neft-qaz) sektoruna qoyulub. Burada da müqavilələr o qədər güclü səviyyədə hazırlanıb ki, parlament tərəfindən təsdiq olunub. Azərbaycan hökuməti istəsə belə, o müqavilələri dəyişə bilməz. Amma qeyri-neft sektoruna birbaşa investisiyalar demək olar ki, çox zəifdir. Səhm bazarının adı var, özü yoxdur. Səhm bazarlarında heç bir satış həyata keçirilmir. Xarici investorlar maraq göstərmirlər. Yeganə, Azərbaycan Maliyyə Nazirliyinin buraxdığı istiqrazlara az da olsa maraq var. Bunun da həcmi kifayət qədər aşağıdır. Yəni, çox təəssüf ki, Azərbaycanın xarici investisiya cəlb etməsi üçün yeganə istiqamət neft-qaz sektorudur. Digər sahələrdə xarici investorları görmürük.

XS
SM
MD
LG