Həyata keçirilən monitorinq tədbirləri və aparılan təhlillər nəticəsində müəyyən olunub ki, ziyanverici proqramlar, fişinq hücumları, istifadəçilərin elektron poçt və sosial şəbəkə hesablarının ələ keçirilməsi, DoS/DDoS hücumlar ölkəmizdə də internet istifadəçilərinin qarşılaşdığı əsas təhlükələrdir.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumatında deyilir.
Məlumatda bildirilir ki, bu təhdidlərin və təhlükələrin qarşısının alınması, kiberhücumlarla effektiv mübarizə aparılması istiqamətində kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsini həyata keçirmək, əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə “Microsoft Azərbaycan” arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumu kibertəhlükəsizlik sahəsində “Microsoft”un xidmət və texnologiyalarından istifadə, bilik və təcrübə mübadiləsi, tədqiqatların aparılması üzrə əməkdaşlıq əlaqələrinin qurulması dövlət sektorunda lisenziyalı proqram təminatının təbliği kimi məsələləri əhatə edir.
Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini, onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici dövlət qurumudur.
Xidmət “FİRST”, “Tİ”, “CERT CC”, “CAMP”, “Anti-phishing Working Group (APWG)” kimi beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir.