Accessibility links

Ekspertlər 200 manatlıq əskinasların buraxılmasını məqsədəuyğun hesab etmir


200 manatlıq
200 manatlıq

200 manatlıq əskinasların emissiyası inflyasiya və deflyasiya gözləntilərinin artmasına səbəb olacaq, deyə iqtisadçı Qubad İbadoğlu bildirib.

İqtisadçı müəllimlərin, həkimlərin maaşlarına və təqaüdçülərin əksəriyyətinin təqaüdlərinə bərabər olan yeni əskinasların buraxılmasından təəccübləndiyini bildirib.

"Bu məntiqlə, gərək ABŞ-da 5000, 10000 dollarlıq əskinaslar buraxılaydı".

Qubad İbadoğlu hesab edir ki, 200 manatlıq əskinaslar daha çox rüşvət əməliyyatlarına cəlb olunacaq, oradakı hesablamaların sadələşdirilməsinə və rüşvətin miqyasının artımına xidmət edəcək.

Mayın 23-də Azərbaycan Mərkəzi Bankı 200 manatlıq nominal dəyəri olan yeni əskinasları təqdim edib. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun sözlərinə görə, yeni əskinasları tətbiqi dövriyyədə olan pulların strukturunda dəyişikliklər, həmçinin pul vəsaitlərinin hərəkəti sahəsinin səmərəliliyinin artırılması ilə əlaqədardır.

Ekspert Natiq Cəfərli deyib ki, dünya nağdsız ödənişlərin əhatə dairəsini genişləndirir, Azərbaycanda isə iri nominasiyalı əskinaslar dövriyyəyə buraxılır.

"Böyük nominasiyalı pullar korrupsiyaya, qeyri-şəffaflığa yol açan elementlərdən biridir və Avropa Mərkəzi Bankı tədricən 500 avroluq əskinasları dövriyyədən yığışdırır".

O, hesab edir ki, bu qədər əlavə pullar gəlməsi ölkədə devalvasiyaya səbəb olmayacaq, ona görə ki, Azərbaycanda sərbəst məzənnə yoxdur və manatın dəyəri inzibati üsullarla müəyyən edilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd edib ki, bu qərarın mənfi və müsbət tərəfləri var.

Onun sözlərinə görə, yeni əskinaslar nağd dövriyyə prosesini, ödənişlərin optimallaşdırılmasını asanlaşdırır.

Amma onun fikrincə, Azərbaycan bu məsələdə 500 avro əskinası olan avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq əmək haqqı bizimlə müqayəsədə xeyili yüksəkdir.

"Dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-da dövriyyədə olan ən yüksək əskinas 100 dollardır".

İqtisadçı hesab edir ki, Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əskinasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq.

Maliyyə eksperti Əkrəm Həsənovun fikrincə, Mərkəzi Bankın dövriyyəyə buraxacağı 200 manatlıq əskinasın üzərində digər nominallı əskinaslarda olduğu kimi "© АМB 2018" işarəsi qanunvericiliyə ziddir. Belə ki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun 7-ci maddəsinə əsasən pul nişanları müəlliflik hüququnun obyekti deyil.

XS
SM
MD
LG